104
12:26
22 Yanvar 2016

“Hambal götürmədilər ki, vəzifədən qovulmuş adama oxşayırsan...” – AİLƏ DRAMI

Doğum tarixini soruşuram. İli, ayı, günü, hətta doğulduğu xəstəxananı belə xatırlayır 79 yaşlı Minə nənə: “1937-ci ilin, sentyabrın 6-da Əzizbəyov adına xəstəxanada doğulmuşam”.

Şəkildə gördüyünüz uçuq-sökük evdə oğlu Mixaillə birgə yaşayır. Həyat yoldaşı İsanı illər əvvəl itirib. Deyir, ərini küçədə döyüblər. 3 ay xəstəxanada yatdıqdan sonra 1991-ci ildə vəfat edib.

Əslən Şamaxıdan olan Minə nənə Bakıda dünyaya gəlib. Ailəsi 18-ci il hadisələri zamanı paytaxta köçənlərdəndi. Burada o, İsa İfraimovla tanış olub. İfraimov Quba yəhudisidir. Onlar da eyni səbəbdən Bakıya köçüb. Bu evlilikdən onların 5 övladı dünyaya gəlib: ikisi qız, üçü oğlan. Hazırda Mixail ananın yanında olan yeganə övladdır. Digər üçü İsrailə köçüb. Gözəl həyat ümidiylə. Onda Azərbaycanda vəziyyət pisiydi. Sovetlər dağılmış, Qarabağda müharibə başlamaqdaydı. 90-cı illərin əvvəllərində qızları Nina və Ofelya ailəsi ilə birgə Azərbaycanı tərk edirlər. Onların ardınca ailənin sonbeşiyi olan İlya da gedir. İlya evlənənə qədər anasına az-çox yardım edirmiş. Ailə qurduqdan sonra onun qazancı ancaq arvad-uşağının boğazına yetib. Yaşlı anasına pul göndərə bilməyib.

Övladları dəfələrlə onu İsrailə dəvət etsələr də, xəstə oğlunu atıb gedə bilməyib. Axı oğlunun ondan başqa kimsəsi yoxdu?! Mixail 49 yaşındadı. Əsəb xəstəsidir. Heç özünə köməyi dəymir. O da qalsın yaşlı anasına. Əlqərəz, nənə kimsəsiz qalıb. Nə dilənir, nə də kimsəyə ağız açır. Öz halal zəhmətiylə dolanır. Ahıl vaxtında corab toxuyub satır.

Növbəti corabını toxuya-toxuya söhbətləşirik.

- Əsgər gedənə qədər normalıydı. Gələndən sonra xəstəlik özünü göstərməyə başladı. Zamanla evə qapandı. İllərdi otağından çıxmır. Yuxusuzluqdan əziyyət çəkir. Səs-küy ona pis təsir edir. Bu yaxınlarda təqaüd yazdırmaq üçün nazirliyə müraciət etdim. Xeyli də sənəd toplamışdım. Deyiblər, özü gəlsin.

Özünü də 79 yaşlı qarı evdən çıxara bilmir. Ona görə də, sosial müavinət ala bilmir. Yaşlı ana və xəstə bala Minə nənənin pensiyası, bir də corablardan qazandığı qəpik-quruşla dolanırlar.

Hə, oğlu Daniel də var. İnşaatçılar Universitetini bitirsə də, heç yerdə işləmir. Deyir, hambal belə götürmürlər.

- Yanımızda tikinti var. Keçən dəfə getdim ora. Dedilər, nə istəyirsən? Dedim, hambal işləmək. Dedilər, əlini uzat. Uzatdım. Əlimə baxıb güldülər ki, vəzifəli adam əlinə oxşayır. Hambalda belə əl olmaz. Yəqin, nəsə eləmisən, vəzifədən qovublar. Götürmədilər.

İndi nənə daha çox işləməlidir. Xəstə və işsiz oğluna da baxmaq üçün. Daniel onlarla yaşamasa, arada gəlib dəyir. Nənənin xırda-xuruş ev işlərinə yardım edir. Səhər yuxudan oyanan kimi evin işləri görər-görməz tez iplərinin yanına qaçır. Sifarişlər çox, nənəninsə, iki əlindən başqa heç bir köməyi yox.

Gözlərini ipindən çəkmədən:

- Yoldaşım neftçi idi. Neft Daşlarında işləyirdi. Təzə evlənmişdik, təyinatla göndərdilər Aşqabada. Bir də 1982-ci il də döndük. Ordakı evi dövlətə təhvil verib, Bakıdan ev götürdük. Dava-qırğınla. İndi Daniel o evdə qalır.

Daniel Minə nənənin böyük oğludu. 53 yaşı olsa da, hələ də subaydı. Maddi çətinliklər ailə qurmasına imkan verməyib.

İpi milin başına doladıqca, toxuduğu corab uzanır. Uşaq corabının tayını 5 saata, böyüklər üçün isə 10 saata toxuya bilir. Əvvəl daha sürətlə toxusa da, yaş özünü göstərir. Barmaqları ləngiyir.

- 90-cı illər idi. Pul qazanmaq lazımıydı. Başladım toxumağa. Kimsə öyrətmədi. Öz-özümə öyrənmişəm. O qədər ağlamışam...

Deyib, dərindən köks ötürür.

- Sonra jurnal aldım. Ordan yavaş-yavaş öyrəndim. İndi sadəcə corab toxuyuram. Əvvəl hər şey toxuyardım.

Əliylə üstündəkiləri göstərir. Sən demə, əynindəki jaket və “yubka”nı da özü toxuyubmuş. Sonra gözü papağıma sataşır.

- Özün toxumusan?

- Yoo.

- Nə qədər pul vermisən buna?

Cavab gözləmədən əliylə papağının ipini yoxlayır:

- Sintetikdi. Cavan qızsan, niyə özün toxumursan?

- Vaxt yoxdu.

- Toxuya bilirsən?

- Hə.

Bundan sonra toxuculuqla bağlı bir neçə sual verir. Düşündüm, yəqin məni yoxlayır. Yalan demədiyimə əmin olandan sonra mənim bayaqkı “vaxtım yoxdu” sözümə cavab olaraq:

- Yuxum yoxdu. Bəzən gecəyə qədər toxuyuram. Nə toxusam, puldu.

Oturduğum yerdən otağa göz gəzdirirəm. Divarlardakı çatlara az qala barmaq girə bilər. Tavan isə deyirsən indicə başına töküləcək. Sınıq stol ətrafında bir-iki stul və köhnə divan. Hə, bir də soyuducu var. Şkaf əvəzinə istifadə edilən. Artıq neçə ildir ki, xarab olub. Qışı idarə etmək olur, lakin yayı soyuducusuz keçinmək çətindi. Ərzaqlar xarab olmasın deyə, yağı, pendiri qramla alır. Əti bir dəfəyə bişirir ki, sabaha qalsa iylənəcək. Paltarı da əllə yuyur 79 yaşlı nənə. Vaxtilə paltaryuyanı olub. Köhnələrdən. Pula olan ehtiyacı onu da satmağa məcbur edib. Sanitariya qovşağının vəziyyəti bu otaqdan heç də geri qalmır. Mətbəx də eləcə. Mixailin yatdığı otağa isə baxa bilmədik. Elə yenicə otağın qapısını açmışdıq ki, Mixail yatdığı yerdən başını qaldırıb qəzəblə baxdı.

Nənənin dərdi böyükdür. Bilmir, xəstə oğlu Mixailin, hələ də subay və işsiz olan Danielin, yoxsa qürbətdəki 3 balasının dərdini çəksin. Öz dərdi isə heç yadına düşmür. Xəstə olsa da, canı ağrısa da, hər səhər yatağından qalxıb, evin işini görməli, toxumalıdır. Ayda cəmi 142 manat pensiya alır. Gələn aydan artımla bərabər təqribən 156 manat alacaq. Bir də corablar var. Körpələr üçün 4 manat, uşaqlar üçün 5 manat, böyüklər üçün isə 6 manat. Nə qədər gözlərində nur, barmaqlarında güc var, toxuyacaq. Bəs sonra?

P.S. Minə nənəylə görüşüb yardım, yaxud sifariş vermək istəyənlər Səməd Vurğun bağına gələ bilər. Hər bazar günü günorta saat 12 radələrində orda olur.