22
21:24
21 Yanvar 2016

74 yaşlı kişi yanğında xəsarət aldı

Bu gün axşam saatlarında Şabran rayonunun Pirəbədil kəndində yanğın baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, 74 yaşlı kənd sakini Soltanəli Hüseynova məxsus yaşayış evi qəfil alışıb. Daxil olan məlumat əsasında hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin 82 kv.m-ni əhatə edib. Yanğın məhdudlaşdırılıb, evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Hadisə zamanı evdə köməksiz vəziyyətdə qalan 74 yaşlı Soltanəli Hüseynov ağır yanıq xəsarətləri alıb. O, xilasedicilər tərəfindən çıxarılaraq təcili tibbi yardıma çatdırılıb.

Yaralının vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Fakt FHN-nin Şabran DYMH tərəfindən araşdırılır.