27
18:01
21 Yanvar 2016

Lətifə Soyuöz: “Klipim İspaniyada birinciliyə layiq görülüb”

“1 il musiqidən uzaqlaşdım. Amma ana olduqdan 10 gün sonra yenidən səhnəyə qayıtdım. Səhnə üçün çox darıxdım. Səhnədə olan insan üçün uzaqlaşmaq çətindir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Lətifə Soyuöz deyib.

Müğənni bildirib ki, yeni mahnılar yazdırıb və solo konsertə hazırlaşır: “Yeni mahnı yazdırmışam, “Pusula” adlanır. Musiqisi və sözləri Günel Sərdarqızına, aranjemanı Yaşar Baxışa məxsusdur. May ayında solo konsert verməyi düşünürəm. Azərbaycan Dövlət Filarmoniyasının solisti olduğum üçün konserti bu məkanda keçirməyi planlaşdırıram. Hesabat konserti mütləq verilməlidir, həm də orada konsert vermək qürurvericidir, çünki hər kəs orada konsert verə bilməz. Bir məkan da var ki, orada çıxış etmək istəyirəm. 10-15 ildir orada heç kim konsert vermir. Fərqli bir konsert istəyirəm. Hələ ki, maliyyə məsələsi ilə əlaqədar dəqiq zaman demək çətindir”.

Xanım sənətçi qeyd edib ki, çəkdirdiyi kliplər ona uğur gətirir: “İlk 2 klipi Fuad Əlişov çəkib, sonra Anar Hüseynovla çalışdıq. Növbəti klipdə də onunla işlədim. “Hədəf” adlı mahnıya çəkilən klip Almaniyada “Dünya 50-liyi” klipləri arasında üçüncü yeri tutub, İspaniyada isə 1-ci yerə layiq görülüb. Əfsuslar olsun ki, bu barədə 1 il sonra xəbər tutduq. Orada hit paradlarda da səslənib. Sırf “Youtube”da izlənib və bəyənilib. Buna çox sevindim. Demək ki, boşuna çalışmıram. Yeni mahnıma da klip çəkdirdim. Musiqisi və sözləri Günel Sərdarqızına məxsusdur. Rejissor yenə də Anar Hüseynovdur. Burada mövzu fərqli oldu. Hər zaman ağır mövzulara müraciət etmişik. Bu dəfə isə əyləncəli klip çəkdik. İndiyə kimi bu qədər əziyyətli klipim olmamışdı. 8 ay hazırlıq gedib. Məkanların tapılması, geyimlərin hazırlanması, dekorasiya və s. ilə birgə çox maraqlı məqamlar var. 50 nəfərlik heyətlə çalışdıq”.

İfaçı Cənubi Koreyaya səfəri barədə də məlumat verib: “Cənubi Koreyaya səfər etdik. Dünyanın bir çox ölkələrinin nümayəndələrinin təmsil olunduğu festivalda iştirak etdik. 10 gündə 10 konsert verdik. Məndən başqa, Teyyub Aslanov, Nuriyyə Hüseynova, Azərbaycan Dövlət Rəqs Ansamblı da orada iştirak edib”.