22
16:11
21 Yanvar 2016

Rasim Əliyevin qətlində təqsirləndirilən şəxs Cavid Hüseynovu tanımadığını deyib - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az -ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Samir Mustafayev ifadə verib. O, özünü tam təqsirsiz bilib. S. Mustafayev ifadəsində digər təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib:

“Evdə oturmuşduq. Elşənin qohumu Pərvizlə münasibətimiz vardı. Pərviz zəng elədi ki, qohumum Bayıla gəlir, oraları tanımır, bir yer var, oranı göstərərsən. Mən söhbətin nə olduğunu öyrənmək istədim. Dedilər ki, anlaşılmazlıq var, gedib çay içib söhbəti yoluna qoyarsız. Bayılda Elşənlə görüşdük. Marketin qabağına gəldik. Üstündən bir neçə dəqiqə keçməmiş Rasim gəldi. Qırağa çəkildim. Bu arada gördüm ki, Rasim yerdədir. İnsanlıq edib, getdim əlimi Rasimə uzatdım. Onu yerdən qaldırırdım. Rasim qaçdı. Səs-küy düşmüşdü. Elşəngil qaçdı. Qaçan zaman yerdə Rasimin nə telefonunu, nə də pulqabısını görmədim. Oradan namaz qılmağa Bibiheybətə getdik. Ziyarət namazım vardı. Birlikdə qıldıq. Mən söhbətin bu cür olduğunu bilmirdim. Yolda da onlardan heç nə soruşmadım. Videoda görünür ki, mən bircə Rasimə kömək eləmişəm. Avtomobilə minəndə hamıda peşmanlıq hissi vardı. Bu söhbəti danışmaqla yola vermək olardı. Yenə deyirəm, Allah Rasimə rəhmət eləsin. Bilmirdim belə olacağını. Bu uşaqların heç birini bir dəfə də olsun görməmişdim. Sabahı gün saytlarda oxudum ki, söhbət Cavid Hüseynovun üstündə baş verib”.

Hakimlər kollegiyası Samir Mustafayevin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlərin olduğunu bildirib. Onun ifadəsi elan olunub.

S. Mustafayev istintaqa verdiyi ifadələrin doğru olmadığını, müstəntiqin onun dediyi şeyləri yox, öz bildiklərini yazdığını deyib və məhkəmədə verdiyi ifadənin doğru olduğunu qeyd edib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, ölən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərlə yanaşı, oğlunun həkimlərinin də məsuliyyətə cəlb edilməsini tələb edib: “Evdə oturmuşduq. Şənbə günü idi. Rasim evdəydi. Rasimə zəng gəlməyə başladı. Çölə çıxdı. Səsinin tonu yüksəkdən gəlirdi. Bilirdim ki, kiminləsə mübahisə edirdi. Evə girdi, soruşdum nə məsələdir, demədi. Yemək çəkdim. Təzə yeməyə başlayırdı ki, yenidən zəng gəldi və Rasim çölə çıxdı. Gərgin idi. Telefonla danışandan sonra içəri girdi. Gərginliyi getmişdi. Dedi ki, futbolçu Cavid Hüseynovla danışırdı. Dedi ki, Cavid futbolda tərbiyəsiz jestlər edib, mən də bu barədə yazmışam. Cavidlə danışdığını və məsələni yoluna qoyduğunu qeyd etdi. Birazdan yenə zəng gəldi. Yanımda danışdı. Cavidin bibisi oğluydu. Çay içmək istədiyini, üzr istəmək niyyəti olduğunu dedi. Rasimi Bakıxanova dəvət etdi. Rasim getməkdən imtina elədi. Üst-üstə 10 dəfə zəng gəldi. Cavid zəng elədi. Bibisioğluna tapşırdığını və Bayıla gələrək üzr istəyəcəyi dedi. Rasim buna ehtiyac olmadığı bildirdi. Bibisi oğlu təkidlə gələcəyini bildirdi. Rasimə dedim ki, bala, gətmə. O, mənə narahat olmamağı, onların Cəbrayıldan olduğunu, həmyerli kimi görüşəcəyini dedi. Rasim evdən çıxdı. Bir müddətdən sonra aptekə düşdüm. Tanışlar dedilər ki, Rasimi döyüblər. Əlim ayağım qurudu. Axtarmağa başladım. Sinif yoldaşına və məhəllə uşağına dedim. Tapa bilmirdik. Bir müddətdən sonra dedilər ki, Rasim xəstəxanadır. Yanına getdik. Rasim 2 saatdır xəstəxanaya getsə də, onu qəbul etməmişdilər. Rentgendən keçmişdi. Babək həkim gəldi. Rasimin vəziyyətini soruşduq. O, mənə heç bir problem olmadığını sadəcə qabırğalarının 4-ün zədələndiyini bildirdi. Rasimin qulağı da yaxşı eşitmirdi. Həkim onu da müayinə edəcəklərini qeyd etdi. Həkimə inandıq. Otağa çıxartdılar. Rasim mənə telefonunun və pulqabısının oğurlandığını dedi. Telefonumu aldı. Dostlarına, jurnalistlərə məlumat verdi. Müsahibə aldılar. Vəziyyəti yaxşı idi. Bir yeriyəndə böyrək tərəfini tuturdu. Bir də başının ağrıdığını qeyd edirdi. Mən evə gedib, onun üçün lazımi əşyaları götürməyə getdim. Saat 11 olardı. Evə çatmışdım ki, Rasim zəng elədi. Dedi ki, sistemi ondan aralayıblar. Səbəbini soruşdum. Heç nə demədi. O, Cavidin onun yanına menecerlə gəldiyini, üzr istədiyini dedi. Hadisə ilə bağlı da Rasim polisə özü birbaşa məlumat verib. Mən ona tez bir zamanda yanına qayıdacağımı dedim. Bir müddət keçmişdi ki, Babək həkim zəng elədi. Rasimin vəziyyətinin ağırlaşdığını, qan qusduğunu dedi. Həkimə yalvardım ki, nə lazımdır edəcəyik, muğayat olun, gəlirik. Xəstəxanaya çatdıq. Palataya qalxdım. Tibb bacısı Rasimi əməliyyata qaldırdıqlarını, ciddi bir problem olmadığını dedi. Əməliyyat otağına getdim. Babək həkimlə Saday adlı həkim ordaydı. Saday həkim Rasimin dalağının partladığını, qabırğalarının yaramadığı və daxili qanaxmasının olduğunu dedi. Babək həkiminin üstünə hirsləndi. Əməliyyatın başa çatdığını qeyd etdi. Evdən xəstəxanaya 15 dəqiqəyə gəlmişdim. Necə ola bilər ki, əməliyyat bu tezliklə başa çatsın. Reanimasiyaya girdim. Rasimin gözü tam yumulmamış, ağzı açıq qalmışdı. Artıq o, ölmüşdü. Süni nəfəsalma cihazına qoşmuşdular. Bizi səhərə qədər elə aldatdılar. Halbuki, oğlum keçinmişdi”.

Prokuror və vəkillərinin suallarını cavablandıran Teyfurə Əliyeva oğlunun ağzından indiyə qədər söyüş eşitmədiyini, hadisədən sonra onun feysbuk səhifəsində Elşənlə yazışmasını oxuduğunu deyib. O, yazışmalarda Rasim Əliyev hər bir cümləsində “Hörmətli Elşən bəy” kimi müraciət etdiyini, söyüşün Elşən tərəfdən səsləndiyini bildirib: “Əgər elə deyildisə, Elşən niyə o, mesajları silib. Rasim amma hamısını saxlayıb. Mənim oğlumu birinci Cavid, sonra da bu Elşən aldadıb evdən çıxartdı. Kişi kimi davaya çağırmadılar. Rasim söyən olsaydı, tək ora gedərdimi? Əgər dava olacağını bilsəydi, dostuna tanışına xəbər etməzdimi? Onu dediyim kimi aldatdılar. Mehriban danışdılar, həmyerli kimi dilə tutdurub çağırdılar”.

Hakim Eldar İsmayılov Teyfurə Əliyeva təqsirləndirilən şəxslərə qarşı iddiasının, şikayətinin olub-olmadığını soruşub. Jurnalistin anası məhkəməyə müraciət edib: “Dəyərli hakimlər kollegiyası, təqsirləndirilən şəxslərə ən ağır cəza vermənizi sizdən xahiş edirəm. Bu cinayətdə əli olan həkimlərin də məsuliyyətə cəlb edilməsini istəyirəm. Bu şəxslər Rasimi döyməsəydilər, xəstəxanaya düşməyəcəkdi. Bunlar qədər həkimlər də oğlumun qatilidir”.

Hakimlər kollegiyası artıq şahid ifadələrinə başlanacağını bildirib. Məhkəmə iclası yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

**

12:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az -ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, həmçinin, jurnalistin anası ifadə verib. O, Rasim Əliyevi müayinə və müalicə edən həkimlərin də cəzalandırılmasını tələb edib və təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.

Növbəti proses yanvarın 26-na təyin edilib.