53
11:48
21 Yanvar 2016

GUAM-ın azərbaycanlı baş katibi Moldova səfiri ilə görüşüb

GUAM-ın yeni baş katibi, Azərbaycan diplomatı Altay Əfəndiyev Moldovanın Ukraynadakı səfiri Ruslan Bolboçanla görüşüb.

APA-nın təşkilata istinadən verdiyi məlumata görə, görüş zamanı GUAM daxilində hazırkı vəziyyət, GUAM çərçivəsində əməkdaşlığın əsas istiqamətləri və perspektivləri barədə müzakirələr aparılıb.

Təşkilata daxil olan bütün ölkələrin maraqları çərçivəsində daha yaxşı nəticələr əldə etmək üçün iqtisadi əməkdaşlığın daha aktiv inkişafının vacibliyi qeyd olunub.

Həmçinin bildirilib ki, GUAM və ətraf regionda vəziyyət, yeni regional və beynəlxalq təşəbbüslər, layihələr GUAM və GUAM+ çərçivəsində mövcud potensialdan tam istifadəyə təkan verir.

Tərəflər GUAM-ın işçi orqanlarının, o cümlədən Katiblik və Daimi Nümayəndəlik Şurasının işinin effektivliyini artırmağın vacibliyini də müzakirə ediblər.

Daha sıx qarşılıqlı fəaliyyət barədə razılıq əldə olunub.

Həmçinin GUAM baş katibinin Moldovaya yaxın vaxtlarda baş tutacaq səfəri barədə də fikir mübadiləsi aparılıb.