37
10:53
21 Yanvar 2016

Azərbaycanda 500 minə yaxın adamın müavinətləri artıb

Manatın məzənnəsinin devalvasiyaya uğramasının mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə dövlət başçısı tərəfindən sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan müvafiq fərmanlar imzalanıb və bu fərmanlara əsasən müharibə əlillərinə Prezident təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.

Bildirək ki, son iki ildə artıq ikinci dəfədir ki, müharibə əlillərinə, o cümlədən Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü artırılır. 2014-cü ilin əvvəli ilə müqayisədə həmin təqaüdlərin orta aylıq məbləğində 61 faizdən çox artım özünü göstərib.

Dövlət başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” bir digər Fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25, 0 milyon manat vəsaitin ayrılması təmin olunacaq.

Qeyd edək ki, hər iki Fərmanla müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə) həm Prezident təqaüdünün, həm də əmək pensiyası almaq hüquqları olmadığı halda əlilliyə görə aldıqları aylıq sosial müavinətin məbləği artırılır. Bu Fərmanların əhatə etdiyi vətəndaşların 62 046 nəfəri məhz Qarabağ müharibəsi əlilləri və veteranlarından ibarətdir.