47
12:59
20 Yanvar 2016

Böhran dövrünə necə uyğunlaşmalı? - PSİXOLOQ RƏYİ

Dünya ölkələrinə nəzər salsaq, görərik ki, insanlar çətin vəziyyətlərdə çıxış yolları axtarmağa çalışır. İqtisadi vəziyyəti çətin olan ölkələrdə isə onlar izafi xərclərindən daha çox imtina edir, bacardıqları qədər az xərcləməklə öz büdcəsinə qənaət edir.

Azərbaycanda da ikinci devalvasiyadan sonra insanlar bir sıra xərclərini azaltmağa başlayıb. Kimi pis vərdiş saydığımız içkidən və siqaretdən imtina edib, kimi əvvəllər tez-tez getdiyi alış-veriş mərkəzlərinə və restoranlara səfərlərinin sayını kəskin azaldıb.

Paytaxt sakinləri arasında belə bir sorğu keçirdik - görəsən, kimlər nədən imtina edib?

- Çox şey demək olar ki, azalmayıb. Çay evinə çox gedirdim, indi az gedirəm. Siqareti azaltmaq olar. İnsan üçün zərərlidir. İçkini azalda bilərlər. Alış-veriş mərkəzlərinə az girsələr, yaxı olardı.

- Arada bayırda yemək yeyirdim, indi onu yemirəm. Rayona gedirdim, getmirəm. Siqaret və içki içmirəm. Araqdır, siqaretdir - azalmaq olar. İstəyir 100 manat olsun, nə olacaq? Vacib deyil. Az getsinlər mağazalara, dükanı, bazarı az gəzsinlər.

- Uşağı hazırlığa qoyurduq, imtina eləmişik. Bir çox gəlirlərdən imtina etmişik. Çay evlərinə, kafelərə gedirik, onu azaltmamışıq, elə də baha deyil. Pis vərdişlərdən azaltsalar, daha yaxşı olardı. Qadınlar geyimlərini, saç ustasına getməyi azaltsalar, daha yaxşı olardı. Pis vəziyyətdən, bu cür durumlardan çıxmaq üçün ancaq səbir etmək lazımdır. Güman edirəm ki, hər şey yaxşı olacaq.

- Gündəlik işə gedirdimsə maşınla, indi metronun yanında saxlayıram, metro ilə gedib gəlirəm. Evdə kommunal xərclərdə əvvəl çox istifadə edirdiksə, indi bir az ehtiyat edirik. Siqaret istifadə etmirəm, amma içki içirəm. Həmişə alırdıq tutaq ki, 12 manatlıq çaxır, dünən aldıq 5 manatlıq çaxır. Azaldırıq xərcləri. Meyvənin özünü çox alırdıqsa, indi azaltmışıq. Həftədə bir dəfə də olsa, uşaqlarla otururduq çay evlərində, indi iki həftədən bir otururuq. İsrafçılıq etmirik, cibimizi qoruyub saxlayırıq ki, gəlir yerimiz azalıb. Qadınlar da kişidən, kişinin evdə qoyduğu mühitdən asılıdır. Şükür, bizdə elə şey yoxdur, hər şey qaydasındadır.

- Hansısa xərclərimi azaltmağa ehtiyac yoxdur. Bəlkə geyimlərdə azaltmaq olar, amma böyük bir əhəmiyyəti olmayıb.

Bəzi insanlar isə çətin vəziyyətə düşdüyü zaman çıxış yolunu ya intihar etməkdə görür, ya da müəyyən pis vərdişlərə qurşanır, tamahı güc gələnlər isə ya oğurluq edir, ya da kimisə qətlə yetirməklə onun mülkinə sahib olmaq istəyir. Bu situasiyalara son vaxtlar daha çox rast gəlirik.

Psixoloq Təhminə Çələbi deyir ki, çətin durum haqqında çox danışdıqda, insanda neqativ enerji çoxalmağa başlayır. İnsan özünü çıxılmaz vəziyyətdə hiss edir. Deyir ki, əgər biz situasiyanı dəyişə bilmiriksə, ona olan münasibətimizi dəyişməliyik.

"Hal-hazırda biz insanların ilkin reaksiyası ilə qarşı-qarşıyayıq. Yəni ki, onlar hələ uyğunlaşmayıb, adaptasiya olmayıblar. Adaptasiya dövründə insan müəyyən affekt halı keçirə, ağıla gəlməyən düzgün olmayan müəyyən hərəkətlər edə bilər və bəzən bu stress, qıcıq gətirib depressiyaya çıxara bilər. Lakin zamanla insanlar adaptasiya olduqdan sonra artıq yeni həyat tərzinə uyğun hər şeyi formalaşdıraraq həyatına davam etməyə başlayır. Həmin hadisənin çox şişirdilməsi və çıxış yolunu görməməsi nəticəsində, bir də affekt halı keçirməsi nəticəsində belə bir çıxış yolun əl atırlar. Amma hər bir halda bu çıxış yolu deyil. Müəyyən vaxt gözləyəndən sonra hər şey öz qaydasına, axarına düşəcək. Bu səbəbdən insanlar öz psixoloji durumunu buna tam olaraq hazırlamalı və yeni həyat tərzinə get-gedə uyğunlaşmağa başlamalıdır".

Psixoloq deyir ki, insanlar artıq xərclərini, düşüncələrini, həyat tərzini yeni həyata uyğunlaşdırdıqdan sonra artıq hər şey fərqli nəticələr verməyə başlayacaq.

"İnsan borcdan qurtulmaq üçün intihar etdiyi halda, onun özündən sonra ailəsi, yaxınları qalır və bu problemin üzərinə üç-dörd qat problem gətirməkdir. İnsan həmin an oturub dərindən düşünüb situasiyanı analiz etsə, heç vaxt belə bir addım atmaz. Yəni bu səbəbdən öz yaxınlarını bu qədər xoşagəlməz bir duruma düşürməyəcək, bu səbəbdən, sadəcə, məsələni analiz eləyib və bir az situasiyanı axarına buraxmaq lazımdır ki, hər şey zamanla öz yerində oturacaq. Hər şeyin yaxşı tərəflərinə, fərqli tərəflərinə yönlənməliyik. Bunun üçün insan sağlamlığına xeyir verən təmiz havada gəzintilərdir, gözəl musiqilərdir ki, insanlar bunlara əməl etsə, müəyyən gərginlikdən, stressdən uzaq qala bilərlər".

Təhminə Çələbi əlavə edib ki, gərginlikdən uzaq olmağın bir yolu da insana gərginlik və stress gətirən söhbətlərdən uzaq durmaq, bu cür informasiyaları paylaşmamaq lazımdır.