51
15:54
20 Yanvar 2016

Pakistanda terror: ölü sayı 40-a çata bilər - YENİLƏNİB 2

Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetdə baş vermiş terror faciəsi zamanı ən azı 30 nəfərin öldüyü deyilir.

Təhlükəsizlik işçilərinin dediklərinə görə, ölənlərin sayının 40-a çatacağı ehtimalı var.

Lent.az -ın “Daily Pakistan”a istinadən məlumatına görə, ölənlərdən 19 nəfərin cəsədi ailəsinə təhvil verilib. Onu da bildirək ki, hadisə zamanı ölən kimya professoru və 4 təhlükəsizlik işçisi yaralılar sırasında imiş. Xilas edilən yaralılar isə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Lent.az -ın “Ria Novosti”ə istinadən məlumatına görə, bundan əvvəl “Taliban”ın hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyü deyilsə də, təşkilatın rəsmi nümayəndəsi bunu təkzib edib.

***

Lent.az -ın “RİA Novosti”yə istinadən məlumatına görə, Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetdə baş vermiş silahlı basqın zamanı həlak olanların sayı 25-ə çatıb.

***

Lent.az -ın “Dawn” informasiya agentliyinə istinadən yeni məlumatına görə, polislər Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərindəki universitetdə baş vermiş terror hücumu zamanı ölənlərin sayının 21 nəfər olduğunu təsdiqləyiblər. Onlardan biri universitetin professoru, digərləri tələbə və təhlükəsizlik işçiləridir. Məlumata görə, hadisə zamanı 4 nəfər terrorçu öldürülüb. Terrorçuların 18-25 yaşlı şəxslər olduğu bildirilir.

****

11:11

Bu gün Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetə terrorçular tərəfindən hücum olub.

Lent.az -ın “RİA Novosti”yə istinadən məlumatına görə, şahidlər hadisə zamanı onlarla insanın öldüyünü deyir.

Pakistanın yerli “Dawn” agentliyinin verdiyi hazırkı məlumata görə isə, ölənlərin sayı 15 nəfərə yaxındır. Bundan əvvəl isə 3 nəfərin öldüyü , 50 nəfərin yaralandığı xəbəri verilmişdi.

Təxliyə edilmiş tələbələrdən birinin dediklərinə görə, terrorçular 60-70 nəfərə yaxın tələbəni güllələyiblər. Hadisə zamanı universitetdə kənardan gələn daha 600 qonağın iştirak etdiyi poeziya konkursu da keçirilirmiş. Bundan başqa universitetdə həmin vaxt 3 min tələbə olub.

“Dawn” agentliyinin verdiyi bir digər məlumata görə, iki terrorçu öldürülüb. Ölən şəxlər arasında iki tələbə və kimya professoru Dr Hamidin də olduğu dəqiqdir. Xilas edilən tələbələrin söylədiklərinə görə, içəridə hələ də 10-a yaxın terrorçu qalıb.

Hazırda universitet kampusu polis və xilasedicilərin nəzarəti altındadır. Əraziyə 20-yə yaxın təcili yardım maşını sövq edilib.