60
17:06
20 Yanvar 2016

Məktəblər "donuz qripi" virusuna qarşı dezinfeksiya oluna bilər

"Lazım gələrsə, “donuz qripi" təhlükəs ilə əlaqədar 2009-cu ildə olduğu kimi, bu il də ümumtəhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq”.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov məlumat verib.

V. Qasımov bildirib ki, əgər hansısa məktəbdə “donuz qripi” ( H1N1) virusuna yoluxma ilə bağlı şübhəli hal yaranarsa, həmin məktəbdə dərhal dezinfeksiya işləri aparılacaq: “Əlbəttə ki, bu işlər dərsə mane yaratmasın deyə şənbə, bazar günləri aparılacaq. Prosesə ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq, çünki şəhərlərdə insan sıxlığı daha çox olur. Onu da qeyd edim ki, bütün bu tədbirlər ölkədəki epidemioloji vəziyyətə əsasən həyata keçiriləcək”.

Sektor müdiri hazırda ölkəmizdə “donuz qripi” ilə bağlı epidemioloji vəziyyətin stabil olduğunu və bu günə qədər heç bir təhlükənin aşkarlanmadığını qeyd edib: “Yenə də mütəmadi olaraq şübhə doğuran şəxslərin müayinələri aparılır. Hələ ki, bütün nəticələr mənfidir. Heç bir yoluxma halı qeydə alınmayıb”.

Qeyd edək ki, Gürcüstan, Türkiyə, İran, Ermənistan kimi qonşu ölkələrdə yayılan “donuz qripi” xəstəliyi yüzlərlə insanın ölümünə səbəb olub.