67
10:12
28 Dekabr 2015

Neftçinin meyiti ailəsinə təhvil verildi - YENİLƏNİB

Xəzərin Türkmənistan sektorunda, sahildən 60 kilometr məsafədə meyiti tapılan neftçi İman Qasımovun meyiti ailəsinə təhvil verilib.

Lent.az -ın məlumatına görə, təyyarə ilə Türkmənbaşıdan Bakıya gətirilən cəsəd tanınma prosesindən sonra gecə saatlarında ailəsinə təhvil verilib. İ.Qasımov bu gün dəfn ediləcək.

**

23:12

Neftçi İman Şura oğlu Qasımovun cəsədi Azərbaycana gətirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA -ya verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin gətirilməsi üçün FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi göndərilib.

***

13:12

Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülüb, cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşüb.

Qeyd edək ki, bu il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb, 23 nəfərin isə axtarışları davam etdirilib.

*****

12:54

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb. Lent.az xəbər verir ki, bu barədə virtualaz.org-a Bakının Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Faciədə ölənlərdən 23nün meyiti hələ tapılmayıb. Bundan başqa dekabrın 4-də Neft Daşlarında da 3 neftçi güclü külək səbəbindən dənizə düşüb və itkin hesab edilir.