20
05:48
27 Dekabr 2015

NATO Türkiyədə radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək

NATO Suriyadakı vəziyyət fonunda Türkiyənin havadan müdafiə sisteminin möhkəmləndirilməsi çərçivəsində Türkiyədə “Boeing E-3 Sentry” tipli uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Bild am Sonntag” nəşri məlumat yayıb.

Təyyarələrin yerləşdirilməsini Almaniya Silahlı Qüvvələri (Bundesfer) həyata keçirəcək. Məlumata görə, Almaniyanın XİN-i və Müdafiə Nazirliyi artıq gələcək əməliyyat barədə Bundestaqı yazılı şəkildə məlumatlandırıb.

“Qaylenkirhen bazasındakı “Boeing E-3 Sentry” tipli təyyarələrin Türkiyənin Konya aerodromuna göndərilməsi planlaşdırılıb”, deyə məktubda bildirilir.

Almaniya hökumətindən bildirilib ki, qeyd olunan əməliyyatın keçirilməsi üçün Bundestaqın mandatı tələb olunmur. Məktubda həmçinin hazırkı mərhələdə silahdan istifadə edilməyəcəyi qeyd olunub. Almaniya Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək əməliyyatlara Bundesfer hərbçilərinin də cəlb ediləcəyini bildirilir.