39
13:17
23 Dekabr 2015

ABŞ İMTİNA ETDİ: işğal altındakı torpaqlarımıza maliyyə ayrılmayacaq

ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə "Ümumi təxsisatlar" (ayırmalar) qanunu dekabrın 18-dən qüvvəyə minib.

APA-nın məlumatına görə, qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb.

Xatırladaq ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.