44
18:39
19 Noyabr 2015

Paris terrorunu təşkil edən şəxsin öldürülməsi təsdiqləndi

Dünən Paris yaxınlığındakı Sent Denis qəsəbəsində keçirilən əməliyyat zamanı məlum terror aktlarının əsas təşkilatçısı olan Abdülhamid Ebayudun öldürüldüyü məlum olub. Lent.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, Belçika vətəndaşı olan 27 yaşlı Abdülhamid Ebayud 7 saat davam edər əməliyyatın nəticəsində zərərsizləşdirilib. Onunla birgə digər terrorçu da ölü ələ keçirilib.

Əməliyyatdan sonra terrorçular üzərində ekspertiza aparılıb. Barmaq izlərinin nəticələrinə əsasən, məhv edilən terrorçulardan birinin məhz Abdulhamid Ebayud olduğu dəqiqləşib.

BBC-nin xəbərinə görə, əməliyyatdan sonra “Abaaoud” ləqəbli terrorçunun cansız bədəninin mərmi qırıntılarından dəlik-deşik olduğu üzə çıxıb. Onunla birgə polisə müqavimət göstərən digər terrorçu isə snayper atəşi ilə məhv edilib.

Bu gün Fransa mediasında yer alan xəbərdə iddia edilir ki, dünənki əməliyyat zamanı özünü partladan qadın “Abaaoud”un xalası qızı Hasna Aitboulaxen olub.

Fransanın baş naziri Manuel Valls bu gün mediaya açıqlamasında Paris terrorunun təşkilatçısının məhv edildiyini təsdiqləyib. Bununla belə, baş nazir təmkinli və ehtiyatlı olmalı olduqlarını qeyd edib.

Qeyd edək ki, Abdülhamd Ebayudun adı ilk dəfə İŞİD terrorçularının 19 apreldə Belçikanın Villejuif və 21 avqustda Amsterdam-Paris qatarında törədilmiş terror aktlarında keçib.

Belçika hüquq-mühafizə orqanları bu ilin yanvarında İŞİD üzvlərinə qarşı əməliyyat keçirərkən onu yaxalaya bilməyib və Ebayudun adı axtarışa salınıb.