72
17:21
30 Oktyabr 2015

Türkiyəli voleybolçu azərbaycanlı azarkeşə hədiyyə göndərdi

Türkiyə milli voleybol komandasının məşhur oyunçusu Naz Aydemir Bakı sakini Vüqar Şirinova öz imzalı formasını göndərib. Vüqar Şirinov Lent.az -a açıqlamasında Aydemirin imzalı formasını onun səhifəsində qoyulmuş suala tez və düzgün cavab verdiyi üçün qazandığını deyib: “Türk voleybolçu, "Vakifbank" klubunun 17 nömrəli oyunçusu Naz Aydemirin rəsmi səhifəsində sual qoymuşdular ki, "Vakifbank"ın ardıcıl qələbə rekordu necə oyun idi?" Və qeyd etmişdilər ki, düz cavab yazan ilk 7 nəfərə imzalı forma göndərəcəklər. Doğru cavab yazanlardan biri də mən oldum".

Vüqar Şirinov deyir ki, sualı cavablandırandan sonra ona Türkiyədən mesaj gəlib. Mesajda hədiyyəni göndərmək üçün ünvan istənilib. Həmyerlimiz Türkiyədə yox, Bakıda yaşadığını bildirsə də, növbəti mesajda bunun problem olmadığını, mükafatı ona karqo ilə göndərəcəklərini bildiriblər: "Ünvanı yazdım, oktyabrın 28-də poçtdan çağırdılar, gedib hədiyyəni aldım".

Qeyd edək ki, Naz Aydemir Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı, Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. O, həmçinin Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşı, dünyaca məşhur alman futbolçu İlkay Gündoğanın qohumudur.

Peşəkar voleybol karyerasına hələ 15 yaşında "Eczacıbaşı"nda başlayan Aydemir "Vakıfbank"dan əvvəl Fənərbaxçada çıxış edib. O ölkə çempionu olmağı bacaran ən gənc türk voleybolçudur. Ümumən karyerası boyunca dəfələrlə ölkə çempionu, ölkə kubokunun və Türkiyə superkubokunun sahibi, CEV Çempionlar Liqasının qalibi olub, klublar arasında dünya çempionatının qızıl medalını qazanıb. 2012-ci ilin yayında Olimpiya oyunlarında iştirak edib.