98
11:01
31 Oktyabr 2015

Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anadan olmasının 62-ci ildönümüdür.

Lent.az -ın məlumatına görə, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. Anası Sura xanım evdar qadın idi.

Uşaqlıqda çox nadinc olan K. Rəhimov sanki gələcəkdə onu nələr gözlədiyini əvvəlcədən hiss edirmiş.

I sinfə Yaqublu 7 illik məktəbinə gedən Koroğlunun atası İsmayıl müəllim 1961-ci ildə öz dədə-baba yurdu olan Ermənistan Respublikasının Zəngibasar mahalının Sarcalar kəndinə köçüb. Koroğlu orta təhsilini qonşu kənddə- Həbilkənd orta məktəbində alıb. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlib və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə gedib və xidmətini ADR-də başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayıb.

1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı quran Koroğlunun üç övladı var: Rəşad, Samir, Ülviyyə və üç nəvəsi Koroğlu, Mətin və Əzizağa.

Koroğlu əmək fəaliyyətinə Makı Məişət Kondisionerləri zavodunda başlayıb. O, çox təvazökar, vətənpərvər və ailəcanlı idi. Ermənilərin törətdikləri faciələrə biganə qala bilməməyi onu vətən qeyrəti, ana-bacı namusu onu Vətən yolunda cavan canından keçməyə vadar edib.

1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması, 1990-cı ilin “20 Yanvar” hadisələri, 1992-ci ilin fevralın 25-26-da Xocalı soyqırımı Koroğlunun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırıb.

O könüllü cəbhəyə getməyi qərara alıb. Qərarına görə ona xeyir-dua verən atası bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edirmiş. Ona Qoç Koroğlu kimi qəhrəman olmağı arzulayırmış.

1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılır. 1992-ci il aprelin 30-da “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillərdə əzbər olur.

Ööz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedən Koroğlu, Goranboy rayonunun Buzlaq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsil qəhrəmanlıq göstərib. Daha sonra Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad edib. 1992-ci ilin iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur.

O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir.

Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Milli Qəhrəmanın məzarı Bakıda Şəhidlər xiyabanındadır. Ölümündən sonra qəhrəmanlığı haqqında “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan Ordusu” və digər qəzetlərdə geniş məqalələr yazılıb.

Şəhid olandan iki il sonra 1994-cü il sentyabrın 16-da Prezident Heydər Əliyevin Fərmanı ilə Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” Sabir Arazlının “KOROĞLU” kitabları nəşr olunmuş, 2-ci sinif Oxu kitabında Milli Qəhrəman Koroğlu Rəhimov haqqında hekayə və Oqtay Rzanın “İki Koroğlu” şeri dərc edilib. Eyni zamanda Milli Qəhrəman Koroğlu Rəhimov haqqında “20-ci əsrin Koroğlusu” və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin “Salnamə” film studiyasının “Vətənim Mənim” sənədli filmləri çəkilib.

Hazırda Bakıdakı küçələrdən biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılıb. Eyni zamanda Milli Qəhrəman Koroğlu Rəhimovun anadan olub böyüdüyü Oğuz rayonunda Milli Qəhrəmanın adını daşıyan küçə və oxuduğu məktəb hal-hazırda uşaq bağçası kimi fəaliyyət göstərən Oğuz rayonu, Xaçmaz kənd uşaq bağçası Koroğlu Rəhimovun adını daşıyır.

Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən-nəsillərə keçəcək.