45
15:06
29 Oktyabr 2015

Parlament seçkiləri demokratik inkişafın göstəricisi kimi

Seçki hüququ müasir demokratik cəmiyyətin formalaşmasına təkan verən vacib dəyərlərdən biridir. Onun vasitəsilə xalq öz suveren hüquqlarını həyata keçirir. Belə ki, bu halda bütöv cəmiyyətin mənafeyi ön plana keçir, xalqın bilavasitə dövlət hakimiyyətinə təsir etmək imkanı yaranır. Seçki hüququ xalqın şəxsi düşüncəsinin genişləndirilməsinə, onun siyasi cəhətdən aktivliyinin artırılmasına, tarixi proseslərin keyfiyyətcə yeni xarekter almasına, siyasi hərarətin yüksəlməsinə şərait yaratmaqla cəmiyyətin “siyasi katalizatoru” qismində çıxış edir.

Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının qüvvəyə minməsindən sonra seçki qanunvericiliyi tam yeniləşmiş və seçki hüququ qanunvericiliyin vacib sahələrindən birinə çevrilmişdir. İlk dəfə Azərbaycanda 9 iyun 1998-ci ildə "Azərbaycan Respublikasının Prezidentinin seçkiləri haqqında" Qanun qəbul olunmuşdur. Bu qanun indiki seçki qanunvericiliyinin əsasını təşkil edir. 1999-cu il 27 iyun tarixdə "Bələdiyyələrə seçkilər haqqında" Qanun 2000-ci il 5 iyul tarixində "Milli Məclisə seçkilər haqqında" Qanun, 30 dekabr 1997-ci ildə "Referendum haqqında" Qanun, 23 may 2003-cü il tarixində “Seçki Məcəlləsi” qəbul olunmuşdur. Bu gün Azərbaycan Respublikasında Azərbaycan vətəndaşlarının iradəsini dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilində ifadə etməyə imkan verən, demokratik seçkilər keçirilməsinə əsas yaradan seçki qanunvericiliyi mövcuddur. Vətəndaşların seçmək hüququ yetkinlik yaşına çatması ilə 18 yaş tamamında həyata keçirilməyə başlayır. Vətəndaşlar tam həcmdə hüquq və vəzifələrə malik olduqdan sonra hüquqlarını sərbəst həyata keçirirlər.

Qeyd edək ki, ölkəmizin 24 illik müstəqillik tarixinə baxmayaraq seçki təcrübəsi qədimdir. Unutmaq olmaz ki, Azərbaycan Şərqdə ilk parlamentli respublika, eyni zamanda mürəkkəb tarixi-siyasi şəraitdə qadınlara seçki hüququ verən ilk respublikadır (1918). Müasir Azərbaycan Respublikası məhz bu varisliyin üzərində dayanmaqla şəffaf, azad, demokratik seçkilərin keçirilməsinə zəmin yaradır.

Hal-hazırda parlament seçkilərinin keçirilməsi ərəfəsini yaşayırıq. Respublikamızda 4 dəfədir ki, keçirilmiş Milli Məclis seçkiləri demokratikləşmə prosesini sürətləndirən bir çox yeniliklərlə yadda qalmış, beynəlxalq müşahidəçilər və təşkilatlar tərəfindən seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğunluğuna dair müsbət rəylə qiymətləndirilmişdir. Qazanılmış hər təcrübə seçki kampaniyasının daha səmərəli keçirilməsinə imkan verir. Respublikamızda seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində əsas amillərdən biridir.

Ədalətli seçkilər seçki prosesini tənzimləyən hüquq normalarına əməl edilməsi ilə müəyyən olunur. Seçici siyahılarının düzgün tərtib olunması, səsvermə hüququ olan hər bir vətəndaşın ümumi seçki siyahısına daxil edilməsi, həmin şəxsin seçkidə iştirakının maneəsiz həyata keçirilməsi seçkilərin ədalətliliyinin təminatıdır. Respublikanın bütün bölgələrini əhatə edən seçki məntəqəsi üzrə quraşdırılmış veb-kameralarının geniş şəkildə tətbiq edilməsi təcrübəsi seçkilərin ədalətli təşkilində əsasdır. Belə ki, çəkiliş kameralarının tətbiqi səsvermə prosesinə dünyanın istənilən ölkəsindən daha yaxşı nəzarət etməyə imkan verir.

Builki seçkilər ərəfəsində yerli müşahidəçilərin sayı artıq 14 mini keçib. Seçki məcəlləsinə əsasən ölkə üzrə müşahidə aparmaq arzusunda olanlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Yaşı 18-ə çatmış hər kəs birbaşa dairəyə müraciət etməklə müşahidəçi kimi iştirak edə bilər. KİV nümayəndələrinə isə heç bir akkreditasiya keçmədən MSK ilə bərabər seçkiləri izləmək imkanı yaradılıb. Həmçinin Mərkəzi Seçki Komissiyası noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb. Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaqdır. MSK seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində isə oktyabrın 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən, treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir.

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində artıq 1243 nəfərin deputatlığa namizədliyi qeydə alınmışdır. Təqdirəlayiq haldır ki, builki seçkilərdə gənclər və qadınlar üstünlük təşkil edəcək.

Ümumilikdə atılan bütün addımların əsas məqsədi seçkilərdə iştirak edən vətəndaşların öz rol və vəzifələrini bilməsinə, seçkilərin şəffaf şəkildə, ədalətlilik prinsiplərinə uyğun keçirilməsinə şərait yaratmaqdır. Ümid edirik ki, qarşıdan gələn seçkilər də Azərbaycanda demokratik inkişafın göstəricisi kimi tarixə həkk olunacaq, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik layihə qrupunun üzvü