31
13:54
29 Oktyabr 2015

Çantada gizlənən dəstə başçısı və bandasına 63 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində qulduruluqda təqsirləndirilən Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev, Salman Zeynalov və Mais Abıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az -ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, M. Mirbağırov və Y. Yusifov 14 il, Mayıs Abıyev və Salman Zeynalov 12 il, Şamil Quliyev isə 11 il müddətə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən ilin sentyabrın 30-da Rəşad Quliyevin evinə daxil olan maskalı şəxslər ev sahibinin və onun ailə üzvlərinin əl-qolunu bağlayaraq pul tələb ediblər.

Naməlum şəxslər evdə bir milyon manat pul olduğunu və həmin pulu götürməyəcəkləri təqdirdə ailə üzvlərini öldürəcəkləri ilə hədələyiblər. Ev sahibi isə onlara evdə o qədər pul olmadığını, mənzildə 1200 manat, 200 ABŞ dolları və qızıl əşyaların olduğunu deyib. Evdə axtarış aparan naməlum şəxslər əlavə pul tapa bilməyiblər. Evdə olan pulu, qızıl-zinət əşyalarını və bir ədəd ov tüfəngini götürən maskalı şəxslər əl-ayağı və ağızları bağlanmış ailə üzvlərinin hamısını vanna otağına salıb qapını da bağlayaraq mənzili tərk ediblər. Bu barədə polisə məlumat daxil olan kimi Daxili İşlər Nazirliyini Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər nəticəsində quldurluq törədən dəstənin başçısının Mircavid Mirbağırov olduğu müəyyən edilib. Dəstə başçısının yaşadığı evdə gizlənməsi barədə daxil olan məlumat əsasında əməliyyat qrupu həmin ünvana gedib. Evdə axtarış aparan polis əməkdaşları mənzildə heç kimi tapa bilməyiblər. Əməliyyatçılar mənzili tərk etmək istəyərkən yataq otağında böyük yük çantasının aşdığını görüblər. Dərhal çantaya baxış keçirən əməliyyatçılar M.Mirbağırovun çantada gizləndiyini aşkar ediblər.

Dəstə başçısı tutulandan sonra onunla birgə quldurluq etməkdə şübhəli bilinən digər dəstə üzvləri - əvvəllər məhkum olunmuş Salman Zeynalov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulublar.