29
14:31
28 Oktyabr 2015

İlham Əliyev: "Bu təxribatlara görə Sarkisyan məsuliyyət daşıyır"

Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə prezident İlham Əliyev Ermənistan rəhbərliyinin təxribatlardan əl çəkmədiyini qeyd edib.

Bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alındığını və işğalçıların xeyli sayda itki verdiklərini qeyd edən dövlət başçısı bu təxribatlara görə Ermənistan prezidenti Serj Sarkisyanın məsuliyyət daşıdığını xüsusi vurğulayıb.

Ermənistanın hazırda regionda böyük təhlükə mənbəyinə çevrildiyini, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açdığını, hətta toy məclislərində iştirak edən insanların belə atəşə tutulduğunu bildirən prezident İlham Əliyev beynəlxalq ictimaiyyət və xüsusilə də vasitəçilərin Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermədiklərini, bu yaxınlarda diktator Sarkisyan rejiminin Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirməsi kimi zidd bəyanata heç bir cavab verilmədiyini təəssüf hissi ilə vurğulayıb.

Dövlət başçısı bütün bunların Azərbaycan tərəfində böyük təəssüf hissi doğurduğunu və vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə saldığını bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.