66
18:39
27 Oktyabr 2015

Nicat Rəhimov: “Şeron” qrupundan ayrılmağım Rüstəm üçün də gözlənilməz oldu”

“Bir neçə aydır ki, solo fəaliyyətə başlamışam. Hələ ki, çox iş görə bilməmişəm. Buna görə də özümü tamaşaçılara tam təqdim edə bilmirəm”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan, Rüstəm Zeynallıının rəhbərlik etdiyi “Şeron” qrupunun keçmiş üzvi müğənni Nicat Rəhimov deyib.
Qrupda çıxış edərkən səs imkanlarının bilinmədiyini diqqətə çatdıran müğənni, bu səbəbdən də potensialının bəlli olmadığını vurğulayıb: “Qrupda çıxış edəndə canlı ifa zamanı ayrılıqda səsimi eşidənlər çox bəyənirdilər. Potensialım bəlli olmurdu. Çünki qrup daxilində özümüzü göstərə bilmirik. Etiraf edim ki, ilk gündən çalışdığım kollektiv yaxşı olub. İstəməzdim, dostlarımdan a yrılım. Qrupdan ayrılmağıma baxmayaraq münasibətimiz qalıb”.
Gənc müğənni bildirib ki, qrupdan ayrılıb, solo fəaliyyətə başlamaq onun öz istəyi olub: “Öz təklifim oldu. Rüstəm bəlkə də heç gözləmirdi də. Mənim qədər qrupda uzun müddət qalan olmayıb. Hər şeyin vaxtı var. Hesab edirəm ki, solo fəaliyyətə 2 il də tez başlasaydım, daha yaxşı olardı. Belə deyirlər ki, indi iş görmək daha asandır, amma məncə, əksinə, daha çətindir. Əvvəllər yaxşı təkliflər olub. O zaman hiss edirdim ki, gələcəkdə belə şansım bir daha olmaya bilər. İndi o dövrdür”.
N. Rəhimov deyib ki, qrupdan ayrılmağı çoxdan qərara almışdı. Buna baxmayaraq, kollektivdə çalışmağı sevir: “Qrupda olanda Rüstəm efirlərə o qədər də can atmırdı. Çünki qrup özünü təsdiqləyib. Lazım olan tədbirlərə onsuz da dəvət alırdıq. Amma kollektivdə işləməyi sevirəm. Lakin bu addımı nə zamansa atmalı idim. Ayrılmaq istədiyimi deyəndə həm də onu dedim ki, əgər münasibətlərimiz pozularsa, qrupda çalışmağa davam edə bilərəm. Onun üçün gözlənilməz oldu. Amma dəstək də oldu”.
Həmyaşıdlarından çox fərqləndiyini deyən qonaq, həmkarlarının türk ifaçılara bənzəməsini tənqid edib: “Oqtay Ağayev, Hüseynağa Hadıyev, Əbülfət Əliyevi dinləyirəm. Halbuki, yaşıdlarımın heç biri bu musiqilərə qulaq asmır. Bəzi ifaçılar var ki, fəaliyyətə başlayanda hansısa türk müğənnisini izləyir deyə səsini də ona bənzədir. Mən isə indi-indi türk müğənnilərinə qulaq asmağa başlamışam. Ola bilər, auditoriyam kiçik olsun. Görürəm ki, reklam olmasa belə, ziyalı nəsil məni dinləməyi sevir. Yəni, klassik ifaçıları sevənlər mənə rəğbət bəsləyirlər. Müasir musiqini dinləsəm də, klassikləri daha çox sevirəm”.