22
18:56
26 Oktyabr 2015

Ağdam sakini həmyerlisini güllələdi

Mingəçevir şəhərində qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün şəhərin məcburi köçkünlər üçün yeni salınan qəsəbəsində qeydə alınıb.

Ağdam rayonundan olan və hazırda Mingəçevirdə müvəqqəti məskunlaşan məcburi köçkün, 1984-cü il təvəllüdlü Əhmədov Şakir Rövşən oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Rəhimov Bəxtiyar Elmdar oğlunu öldürüb.

Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib.

Həmyerlilər arasında münaqişənin səbəbi hələlik məlum deyil. Hadisəni törədən Ş. Əhmədov qaçıb gizlənib. Onun tutularaq istintaqa təhvil verilməsi üçün hazırda Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdıma aparılır.