74
16:56
26 Oktyabr 2015

Seçkilər İnformasiya Mərkəzi: tətbiq olunan yeniliklər nədən ibarətdir?

Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə artıq sayılı günlər qalıb. Seçkilərə hazırlıq işləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzində bir sıra yeniliklər tətbiq olunub. Parlament seçkilərinə hazırlıq işləri ilə bağlı MSK-nın katibi Mikayıl Rəhimov deyir ki, seçki prosesi avqustda hazırlanmış təqvim planına uyğun olaraq davam edir: “Bütün seçki prosesinin mərhələləri çox uğurla başa çatıb. Artıq sonuncu təşviqat-təbliğat kampaniyası ərəfəsindəyik. Bu günə kimi görülən işlər onu deməyə əsas verir ki, biz seçki gününü də qanunun tələb etdiyi formada həyata keçirə biləcəyik. Seçkilər İnformasiya Mərkəzi bütün bu proseslərə hazırdır. Seçki günü informasiya daşınmaları məhz burdan ictimaiyyətə çatdırılacaq".
Noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq. Seçkilər İnformasiya Mərkəzində bu il tətbiq edilən yeniliklərə diqqət çəkən qurum rəsmisi qeyd edib ki, informasiya sistemi əhəmiyyətli dərəcədə yenilənib. Dünyanın istənilən nöqtəsindən internetə çıxışı olan şəxs MSK-nın internet səhifəsinə daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər:
"İnformasiya daşıyıcıları təkmilləşdirilib. Veb kameraların görüntüləri kifayət qədər yaxşılaşdırılıb, müasir texnologiyalar tətbiq olunub. Amma standartlar eynidir. İnformasiyanı almaq və ötürmək qanunla tənzimlənir. Yenilənən informasiyalar MSK saytında da yerləşdiləcək".
MSK katibi qeyd edib ki, beşinci çağırış Milli Məclisinə seçkiləri izləmək istəyən yerli müşahidəçilərin sayı 60 min nəfəri ötüb. Beynəlxalq müşahidəçilərin sayı isə 500-ə yaxındır: "MSK istənilən məsələdə hər bir seçkinin əvvəlkilərdən daha yaxşı olması üçün əlindən gələn bütün işləri görür. Biz bunun da nəticəsini görürük. Bütün bu yeniliklərin tətbiqində əsas məqsəd də odur ki, seçkilər Azərbaycan xalqı, seçicisi tərəfindən müsbət qəbul olunsun, açıq, şəffaf, ədalətli keçirilsin. Bunun da təmin olunması üçün MSK bütün addımları atır".