30
11:47
26 Oktyabr 2015

20 ali məktəbdə multikulturalizm fənni tədris olunur

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb və ilkin mərhələdə 7 xarici universitet təklifi müsbət qarşılayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, adıçəkilən qurum “Azərbaycan multikulturalizmi” fənninin daha çox və nüfuzlu xarici ölkə universitetlərində tədrisinin təmin edilməsi istiqamətində fəaliyyətini davamlı şəkildə qurub. Məhz bu qurumun əzmkar fəaliyyətinin nəticəsidir ki, sayı durmadan artan həm xarici ölkə, həm də yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə nail olunub. Belə ki, 2015-2016-cı dərs ilində artıq 11 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir.

Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çexiya Respublikasının Praqa Karlov Universiteti , İtaliyanın Roma Sapienza Universiteti və Belarus Dövlət Universitetinə bu ilki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti və Türkiyənin Erciyez Universiteti də əlavə edilib. Ötən il “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki 7 ali təhsil ocağında da müvəffəqiyyətlə tədris olunub.

2015-2016-cı tədris ilində isə Azərbaycanın 20 ali təhsil ocağında - Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Mədəniyyət İncəsənət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Dövlət Sərhəd Akademiyası, FHN Akademiyası, Koorperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qafqaz Universiteti və Qərb Universitetinin bakalavr və magistr pillələrində də tədrisə başlanılıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi ilə mərkəz ölkəmizdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin daha çox texniki yönümlü, qeyri humanitar ixtisaslı mütəxəssis hazırlayan universitetlərdə geniş tədris edilməsini planlayır. Məqsəd həmin texniki universitetlərdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmi” çərçivəsində əhatəli tədrisinə nail olmaqdır. Bu fənlərin ölkəmizdə tədrisinin yüksələn xətlə dinamik inkişafı təkcə universitetlərin sayının artmasını hədəfləmir, eyni zamanda, yaxın gələcəkdə həmin universitetlərdə bu fənlər üzrə kafedraların yaradılması istiqamətində də işlər görülür.

Artıq bu istiqamətdə ilk addım atılıb. Bakı Slavyan Universitetinin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsülə “Azərbaycan multikulturalizmi” kafedrası ötən tədris ilindən başlayaraq fəaliyyətə başlayıb. Kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində “Multikulturalizmə giriş”, regionşünaslıq (ölkəşünaslıq) ixtisasında, “ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti”, “ixtisas ölkələrinin etnoqrafiyası”, “ixtisas ölkələrinin ictimai fikir tarixi”, “ixtisas ölkələrinin etnopsixologiyası”, “müqayisəli ədədbiyyat” fənnləri müvəffəqiyyətlə tədris olunmaqdadır. Magistratura pilləsində isə “Azərbaycan multikulturalizmi” fənni ilə yanaşı, “ədəbi komprotivistika” və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi həyata keçirilir. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi həyata keçiriləcək.

Qeyd etmək lazımdır ki, hələlik respublikada ilk olan BSU-dakı kafedra digər ali təhsil müəssisələrində bu qəbildən olan kafedraların yaradılmasına elmi-metodik yardım göstərməyi planlaşdırır. Azərbaycanın dünyada və eləcə də ölkəmizin ali təhsil ocaqlarında başqa bir rakursdan təqdimatına xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi Azərbaycan dövlətinin siyasi kursunun əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.