30
10:45
26 Oktyabr 2015

Ötən ay 9451 sığortaolunana fərdi şəxsi hesab açılıb

2015-ci il oktyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayında əlavə olaraq 9 451 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az -a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,38 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 136 356 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,18 faizi (1 856 005 nəfər) kişi, 40,82 faizi (1 280 351 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25 faizini (783 806 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,26 faizini (666 819 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,58 faizini (645 639 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,18 faizini (664 266 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,98 faizini (375 826 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.