161
13:17
25 Oktyabr 2015

Aktrisa kimi yaşamaq, yoxsa...

Mühafizəkar bir ailənin qızı mənim qızımla bir sinifdə oxuyur və məktəbi bitirdikdən sonra aktrisa olmaq istədiyini deyir.

Mən bilirəm ki, ailəsi heç vaxt onun aktrisa olmasını istəməz və buna izn verməz.

Və mən bilmirəm ki, ailəsinə qarşı çıxıb doğrudan da aktrisa olmağı seçəcəkmi o qız.

Onun variantında sənəti seçib doğmalarına qarşı çıxmaq – özünü kürəyini söykəyəcəyin möhkəm bir divardan məhrum etməkdir və gələcək həyatını qeyri-müəyyən bir məcraya doğru yönəltməkdir.

Biz əksəriyyətin öz qızlarını ali təhsildən ( hətta tam orta təhsildən də ) ayrı tutduğu cəmiyyətdə yaşayırıq.

Bu əksəriyyətdən kənar olan azlığın da əksəriyyəti qızlarını burdan ali məktəbə buraxıb, o yandan həmən adaxlayanlardan ibarətdir. Bu yol həm təhsil xərclərindən, həm də qızın üzərində ümumi nəzarətin məsuliyyətindən valideynləri bir növ azad etmiş olur. Və həmin adaxlıların da əksəriyyəti həmin qızları ya elə təhsil xərclərinə görə, ya özləri və ailələrindəki qadınlar təhsilsizdir və gəlin üstün olmasın deyə, ya da sadəcə qısqanclıq ucbatından təhsili yarımçıq buraxmağa vadar edirlər.

Yerdə qalır ya ailələrinin həm maddi, həm mənəvi dəstəyini tam görən qızlar və bir də ailələrinin tam başlı-başına buraxdığı və ya ailələrindən demək olar ki imtina etmiş qızlar.

Və belə bir toplumda bir yeniyetmə qızın birdən-birə “Mən aktrisa olacam!” deməsi insanı düşündürməyə bilmir.

Düşünürəm ki, görəsən ölkəmizdəki hansı aktrisanın həyat və yaradıcılığını, ümumi görkəmini bəyənib və onu öz idealı kimi görərək seçib o qız aktrisalığı?

Məsələn, Məleykə Əsədovanın bahalı geyimlərini, zəngin evini, gözəllik və istedad problemini həll edə bilən maddi imkanlarınımı?

Bəlkə Afaq Bəşir qızını?

Bəlkə telekanallarımızı bürüyən serial bumunun ümumi axınındakı gənc aktrisaları?

Yoxsa bir-birinin dalınca dünyasını kirayə evlərdə və xəstə, köməksiz vəziyyətdə dəyişən Xanım Qafarovanı, Nuriyyə Əhmədovanı, Gülnar Salmanovanı?

Bakıda da, əyalətlərdə də ilk gəncliklərində şövqlə, məşhurluq, zənginlik, alqış və sevgi istəyərək səhnə həyatına atılan, amma illər keçdikdən sonra səhnənin kənara atdığı, boynunu büküb epizodik ən xırda rol üçün də Allaha min dəfə şükür edən saysız-hesabsız aktrisalarımı?

Həyat zatən bir teatrdır, demişdi Şekspir, insanları aktyorlara bənzədərək.

Və eynən nağıldakı Məlikməmməd kimi, ağ qoçu seçib, bircə andaca onun səni üstünə tulladığı qara qoçla kifayətlənməli olacağını heç gözləmirsən.

Dünyasını ulduz kimi yox, sönmüş işıq lampası kimi dəyişən aktrisaların da həyatlarının ilk illəri gülüşlər, alqışlar, gözəlliklər içində keçmişdi.

Son illəri isə...

Bəlkə bu son illəri bir yerdə, eyni bir məkanda, eyni bir sənətin yolçuları olaraq birgə keçirmələrinə imkan yaratmaq lazımdır?

Məsələn, aktyor evi kimi.

Yaşını, doğmalarını, sənət imkanlarını itirmiş aktyor və aktrisalar həmin evdə sığınacaq tapar, bir-birlərinə mənəvi dayaq olar, bəlkə hətta öz sığınacaqlarında da öz teatrlarını qurardılar. Axı sənət adamları adi adamlardan fərqlidirlər. Onları onlardan başqa kimsə tam anlaya və qəbul edə bilmək iqtidarında deyil. Yaradıcı adam öz qabında olmayanda dağıdıcı olmağa məhkumdur – ya özünü, ya çevrəsini.

Bəlkə bu haqda düşünməyə dəyər, hə?!