324
21:38
24 Oktyabr 2015

Aydın Əliyev: “Gündə bir neçə dəfə Gürcüstana gedib, siqaret alırlar”

“Öklə başçısının yanında Nazirlər Kabinetinin 9 ayına həsr olunmuş müşavirədə tamamilə düzgün bir fikir səsləndi. Azərbaycanda artıq uzun illərdir ki, büdcə Gömrük orqanlarının idxalı sayəsində dolur. Burada əsas məsələ idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı qiymətləndirmə məsələsinin düzgün tətbiqidir. Saxlanışda olan malların gömrük rəsmiləşdirilməsinə cəlb olumasıdır. Həmçinin qaçaqmalçılıqla mübarizə sayəsində. Bilirik ki, əsas vəzifəmizdən biri də qaçaqmalçılıqla mübarizədir. Bu ilin 9 ayı ərzində gömrüyün vergitutma bazası idxal malları hesabına həyata keçirilir. İdxal olunan malların 50 faizindən çoxu qanunvericilikdə nəzərədə tutulmuş gömrük sahəsində güzəştlərə cəlb olunan mallar olub. Bəzi sahibkarların imtiyazlardan düzgün istifadə etməməsi isə müəyyən problemlər yaradır. İdxal olunan mallar ötən il səviyyəsində olsa da, ümumilikdə vergitutma halları azalıb. Yüngül minik maşınları 2 dəfədən çox, tütün məmulatları küllü miqdarda, sipirtli içki 15,4 milyon manat, şəkər və qənnadı məhsulları 60 milyondan çox, 155 milyondan çox neft məhsullarında verigitutma halları azalıb”.

Bunu ANS-ə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A. Əliyev bildirib ki, inhisarçılıq məsələləri idxalda da mövcuddur: “ Daxili bazar formalaşanda bu kimi amillər mütləq nəzərə alınmalıdır. Buna səbəb iri şirkətlərin daxili bazarda idxalı zamanı yaratdığı hegemonluqdur. Məsələn, reklam malların idxalında böyük rol oynayır. Dünyanın bir çox yerlərində başqa sərinləşdirici içkilər istehsal olunsa da, hazırda “Coca-cola” və “ Pepsi” əsas inhisarçılardan biridir. İnhisarçılığa səbəb maarifləndirmənin aparılmaması da ola bilər. Burada bizim də səhvimiz var. Bu nəzərə alınaraq iş adamlarının arasında bu məsələyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə bəziləri anlamır ki, artıq bazarda bir sıra dünyada tanınmış istehsalçıların malları satılaraq nümayəndəlik formasında bura gətirilir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır”.

A. Əliyev deyib ki, problemlərdən biri də qanunvericilikdə fiziki şəxslərə verilən güzəştlərdən düzgün istifadə edilməməsidir: “Mən sadəcə olaraq bir neçə mobil telefonlarla bağlı rəqəmləri səsləndirim. Keçən il yanvarın 1-dən ölkəyə gətirilən bütün mobil telefonlar Rabitə və Texnologiyalar Nazirliyində qeydə alındı . Ölkəyə idxal olunmuş şirkətlər tərəfindən rəsmiləşdirilmiş telefonların sayı 100 mindən artıq olub. Fərdi qaydada vətəndaşlar tərəfindən idxal olunan rəsmləşdirilmiş telefonların sayı isə 1 milyon 515 mindir. Biz gömrük xidmətində vergi tutmaya nəzarəti gücləndirməliyik və artıq rəqəmlərin təhlilinə başlamışıq. Mən bu yaxınlarda telefonu dükandan 800 AZN -ə aldım. Amma təhlil aparanda məlum oldu ki, bu telefon Dubaydan gətirilərsə və gömrükdə vergi ödəyib, ölkəyə daxil etsə belə bunun satış qiyməti 800 AZN ola bilməz”.

DGK sədri deyib ki, mobil telefon bazarında hazırda heç bir problem yoxdur: “ Sadəcə olaraq bəzi mobil telefon satıcıları bunu bir çıxış yolu kimi tapıblar ki, vergi və rüsumlara cəlb olunmasın”.

A. Əliyev qeyd edib ki, hazırda problem tütün məmulatlarının idxalı ilə bağlıdır: “ Çünki, qanunvericilikdə hər bir fiziki şəxs özü ilə 3 litr spirtli içki və 600 ədəd (3 blok) siqareti rüsumsuz gətirə bilər. Əsas bu problem Gürcüstan sərhədində yaşanır. Bizim sərhəd kəndlərdə yaşayanlar viza tələb olunmadığı üçün gündə bir neçə dəfə Gürcüstana gedib, siqaret alırlar.

Sədr Gürcüstan-Azərbaycan sərhədində mütəmadi rast gəlinən sıxlıq məsələsinə də aydınlıq gətirib: “Azərbaycandan Gürcüstana heç nə aparılmır. Azərbaycana gələrkən isə vergi rüsumlarından qaçmaq şərti ilə çoxlu mobil telefon, spirtli içkilər, tütün məmulatı və s. gətirilir. Ən böyük problem isə ərzaq məhsullarının Gürcüstandan Azərbaycana gətirilməsidir. Müəyyən olunmuş normalara uyğun olaraq isə şəxsi tələbat üçün hər adama 10 kiloqram ərzaq məhsulları düşür. Burada söhbət tək vergidən getmir. Bu ərzaq məhsuludur, bunun sertifikatı, alınma sənədi olmalıdır. Kiminsə həyətyanı sahəsindən alınıb gətirmək təhlükə yarada bilər. Ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək üçün qanun-qayda yaratmaq bizim borcumuzdur”.

A. Əliyev gömrük orqanlarında şəffaflığın artırılması üçün də daim iş aparıldığını bildirib: “Bizdə Risklərin İdarəolunması Mərkəzi var. Burada təkcə riskli yüklərin yox, əməkdaşların riskli əməllərindən də söhbət gedir. 600-dən yuxarı videokameralar bütün sərhəd-keçid məntəqələrinə nəzarət edir. Hər hansı bir müraciətə bu kameralar vasitəsilə aydınlıq gətirilir. Bununla bağlı məsələlər KİV-də daha çox hallanır. Keçən il müraciətlər sayəsində aparılan araşdırmaların sayı 1300-dən yuxarı idi. Bu ilin 9 ayı ərzində isə 1143 araşdırma olub. Qeyd edim ki, burada əlavə ödənişlərlə bağlı müraciətlər çox azdır. Aparılan araşdırlamarda məqsəd- şəffaflığın təmin olunmasıdır. Biz saytımızda avto nəqliyyatda vergi rüsumlarını hesablamaq istəyənlər üçün şərait də yaratmışıq. Yerində müraciət edənlərdə şikayətlər daha çox olur”.