54
14:32
24 Oktyabr 2015

"İmamzadə"də Aşura mərasimi

Gəncə şəhərindəki İmamzadə ziyarətgahında Aşura mərasimi keçirilir.

APA-nın qərb bürosunun məlumatına görə, hər il olduğu kimi, bu il də Aşura mərasimi ziyarətgahda yeni salınan İmam Hüseyn meydanında qeyd olunur. Gəncə və ətraf rayonlardan olan vətəndaşlar Tasua gecəsini keçirmək 23 oktyabr gecəsindən ziyarətgaha gəlməyə başlayıblar.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov bildirib ki, ziyarətə gələnlər üçün ərazidə 20-dən artıq çadır qurulub və orada insanlara çay və yemək verilir: “Yerli rəhbərlik tərəfindən ziyarətə gələnlərin təhlükəsizliyi tam təmin olunub. Burada baş yarmaq, zəncir vurmaq kimi hallara rast gəlinmir. Şeyxülislam da fətvasında başqalarını narahat edən hərəkətlərə yol verilməməsini istəyib”.


Oktyabrın 23-dən başlayaraq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzindən ziyarətgaha vətəndaşları aparmaq üçün xüsusi avtobuslar ayrılıb. Şəhər Baş Polis İdarəsi və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Tıxac yaranmaması üçün avtomobillər xüsusi dayanacaqlara yönəldilir.

Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfində İmamzadə ziyarətgahında qanvermə aksiyası təşkil olunub. Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov deyib ki, artıq səhər saatlarından etibarən ziyarətə gələnlər qan verməyə başlayıblar. İki saat ərzində 100-dən artıq vətəndaşın qan verdiyini nəzərə çatdıran Ə. Məmmədov aksiyada iştirak etmək istəyən insanların həkimlər tərəfindən müayinə olunduğunu söyləyib.

Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının 15 həkim briqadası ziyarətgahda fəaliyyət göstərir. Onlar özlərini pis hiss edənlərə yardım edirlər. Stansiyadan bildirilib ki, ziyarətə gələnlər arasında sağlamlıqlarında ciddi problem yarananlar hələ ki yoxdur.