31
14:01
23 Oktyabr 2015

Azərbaycanda ən çox narahatlıq doğuran sürüşmə haradadır?

“Hazırda ölkədə ən çox narahatlıq doğuran sürüşmə sahələri Bakının Zığ qəsəbəsi, Ağsu aşırımı və İsmayıllı-Şamaxı avtomobil yolundadır”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda ölkə ərazisində sürüşmə sahələrinin aktivləşməsinin ən başlıca səbəbləri ağacların kəsilməsi, yolların düzgün çəkilməməyi və digər antropogen amillərdir: “Masazırda sürüşmədən söhbət gedə bilməzdi. İnsanlar orada məskunlaşdıqdan sonra sürüşmə daha da aktivləşdi. İnsanlar bu məsələdə daha ehtiyatlı olmalıdırlar. Sürüşmə sahələri ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Eyni zamanda,Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan sürüşmə sahələrində evlərin tikilməsi, müəyyən kommunikasiyaların, infrastrukturların yaradılması qəti qadağandır. Bakıda - Badamdarda, Bakıxanovda, əhəng daşlarının üstündə, hündürlükdə evlər tikiblər. Küləyin fəaliyyəti nəticəsində əhəng daşlarının, qayalıqların altları ovulub gedir, sadəcə qayalıqlar qalır. Küləyin təsiri nəticəsində həmin ərazidə tikilən evlərin sahəsinə ziyan dəyə bilər”.

Baş geoloq qeyd edib ki, “8-ci km”, Fatmayi və Günəşli yaylasında yeni sürüşmə ocaqlarının koordinatları götürülüb: “Bu sahələrdə insanlar az məskunlaşdıqları üçün sürüşmə bir o qədər də aktiv deyil”.