74
18:13
22 Oktyabr 2015

Depressiya və stressin fərqi nədir? - Mütəxəssis rəyi

Yay fəslində insanlar daha şən, əhval-ruhiyyəli, pozitiv, enerjili olurlar. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişində qonaq olan psixoloq Vəfa Əkbər deyib.

Onun sözlərinə görə, Günəşdən enerji alanlar var: “Belə insanlar günəş şüalarından, günün uzun olması səbəbi ilə aktiv olurlar. Belə insanlara sanqviniklər deyilir. Günün uzun olması onlara mövcud potensialı üzə çıxarmağa tam imkan verir. Gün qısaldıqca, belə insanlar enerjilərini daha çox sərf etməli olurlar, bu isə onlarda vaxt məhdudluğu hissini yaradır. Onlar düşünürlər ki, enerjini başqa bir işə sərf etmək olardı. Nəticədə ətraf aləmdən soyuyur, hər şeyi neqativ görməyə başlayırlar. Bu səbəbsiz deyil. Çünki onlar üçün hər şey al-əlvan, uzunmüddətli olmalıdır və yay mövsümündə belə insanlara enerji tükənmir”.

“Bəzi insanlar özləri-özlərini depressiyaya salırlar”

Psixoloq qeyd edib ki, melanxolik tipə aid olan insanlar da var ki, onlar qışı daha çox sevirlər və günün qısa olması onlar üçün münbit şərait yaradır. Bu tip insanlar romantizmə meylli olurlar. Psixoloq qeyd edib ki, çox zaman insanlar stress və depressiyanın fərqini anlamırlar: “Bəzi insanlar özləri-özlərini depressiyaya salırlar. Bu stresslə əlaqəli ola bilər. Bəzi insanlar stress və depressiya arasında olan fərqi belə bilmirlər. Fərq ondadır ki, stressi hər gün keçiririk. Hər normal insan stress keçirir. Stress orqanizmin özünü qoruması üçün təşvişdir. Günlük, həftəlik, aylıq stress var. Əgər stressdən qurtulmaq üçün tədbir görülmürsə, nəticə depressiyaya gətirib çıxara bilər. 14 gün ərzində depressiyaya girmək mümkündür. Əgər bu müddətdə keçərsə, deməli, yüngüldür, əksinə olsa, deməli, xroniki depressiyadır. Depressiv insanlar əvvəlki maraqlarından, həyat tərzindən əl çəkirlər, öz aləmlərinə qapılırlar. Depressiya orqanizmdə serotonin hormonunun az ifraz olunması ilə əmələ gəlir. Nəticədə, onlar yeməyə meylli olurlar. Şirniyyat, şokolad yeyirlər”.

“İnsan şəxsi həyatında xoşbəxt deyilsə, sosiumda yer tapa bilmirsə, bu travmadır”

İnsanın xoşbəxt olması bir çox amillərdən asılıdır. Vəfa xanımın fikrincə, ilk növbədə nəyin əskik olduğunu dəqiq bilmək lazımdır: “Psixologiyanın banisi Ziqmund Freyddir. Onun belə bir fikri var ki, “insan həzzi ağızdan alır, məsələn, körpəyə süd verilərkən. Böyüklərin qidalanmaya daha çox meyl etməsi onların nəvazişə ehtiyac olduğunu göstərir. Artıq çəki almaqla o diqqət cəlb etməyə çalışır. Amma müasir dövrdə müəyyən standartlar var. Bu normativlər insanları çərçivəyə saldığı üçün kilo almaq mümkünsüz olur. Çünki heç kim travmalarını büruzə vermək istəməz. İnsan şəxsi həyatında xoşbəxt deyilsə, sosiumda yer tapa bilmirsə, bu travmadır. Baxır, hansı insan üçün nə önəmlidir– ailə, yoxsa cəmiyyət? Natamam faktor üzərində çalışmaqla, insan özünü xoşbəxt edə bilər. Bəzən psixoloqların pəhriz məsələsinə qarışmalarına münasibət birmənalı olmur. Amma hər şey beyində başlayır və beyində bitir. Ürəkdə bitən beyində bitməyibsə, zamanla o yenə də ürəyə düşəcək. 1-ci beyində bitirmək lazımdır”.

Psixoloq bildirib ki, son zamanlar kişilər qadınlara nisbətən, daha həssas olublar. Səbəblərdən biri daha çox qadının iş həyatında görünməsidir: “Özlərini stressə salan insanlar var, buna etostress deyilir. Bəzi gənclər sevgilisi olmasa belə, qəmgin musiqi dinləyib, ağlayır. Bəzən “Niyə ağlayırsan?” sualına cavab verə bilmirlər. Payız elə fəsildir ki, insanda səbəbsiz duyğular yaradır. Gender məsələsini vurğulasaq, kişilər qadınlardan daha həssasdır. Hətta son zamanlar daha da həssaslaşıblar, diqqət, sevgi istəyirlər”.