31
18:01
22 Oktyabr 2015

Ermənistanda azərbaycanlını öldürən ömürlük məhbus azadlığa buraxılıb

Ermənistanda məhkəmə azərbaycanlını qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edilmiş şəxsin azadlığa buraxılmasına qərar verib.

APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Kentorn və Nor-Maraş ümumi instansiya məhkəməsi “Məhkumlar üçün xəstəxana” cəzaçəkmə müəssisəsinin ömürlük həbsə məhkum edilmiş Soqomon Köçəryanın azadlığa buraxılması barədə müraciətini təmin edib. Onun ağır ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsinin iştirakçısı S. Köçəryan 1995-ci ildə İran vətəndaşı olan azərbaycanlını qətlə yetirdiyi üçün barəsində ölüm hökmü çıxarılıb. Lakin 1991-ci ildə Ermənistanda ölüm hökmünə moratorium tətbiq edilməsi və 2003-cü ildə bu cəzanın ləğv olunması səbəbindən cəza ömürlük həbslə əvəzlənib. Ermənistanda ilk dəfədir ki, ömürlük məhkum vaxtından əvvəl azadlığa buraxılır.