25
14:31
22 Oktyabr 2015

Xurmanın içinə narkotik vasitə doldurub, sərhədi keçmək istədi

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Dünyamalı Qaraşova məxsus idman çantasına baxış zamanı həmin çantanın içərisindəki 2 ədəd xurma qutusunda eynilə xurma şəklinə salınmış vəziyyətdə, ümumi xalis çəkisi 775 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Lent.az -ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, həmin çantadakı çay qutusunun içərisində olan quru çayın arasında isə sellofan paketdə 94 ədəd metadon adlı həb aşkar olunub.

Bundan başqa, D.Qaraşovun üzərində şəxsi yoxlama zamanı isə ondan daha 4 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və cəmi 98 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,92 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.