93
12:55
22 Oktyabr 2015

600 min manat oğurlayan qadın əmlakı müsadirə olunaraq həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Svetlana Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az -ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Svetlana Quliyeva 10 il müddətə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə Svetlana Quliyevaya məxsus ev və avtomobillər müsadirə edilib. Həmin müsadirə olunmuş əmlaklar satılaraq zərərçəkmişin ziyanına ödəniləcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Svetlana Quliyevanın 10 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, hadisə ötən il baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib ki, DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il iyunun 25-də Tatyana Quliyevanın mənzilindən 5 000 manat pul oğurlayan Bakı şəhər sakini Svetlana Quliyeva tutulub.

Daha sonra araşdırmalar nəticəsində məlum olub ki, S.Quliyeva həmin evdən ümumilikdə 600 min manat pul oğurlayıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur.