66
19:05
21 Oktyabr 2015

Qrant verə bilən dövlət qurumlarının siyahısı təsdiqləndi

Prezident İlham Əliyev yeni fərman imzalayıb. Lent.az -ın AzərTac-a istinadən məlumatına görə, fərmana əsasən, dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı təsdiq edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıb:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Müəyyən edilsin ki, hüquqi şəxs statusuna malik olan, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər və digər qurumlar) “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən fəaliyyət sahələrinə uyğun olaraq qrant verə bilərlər.