20
11:12
12 Oktyabr 2015

Qanlı şənbə: Ankara terrorunun qurbanlarının sayı 97-yə çatdı

Şənbə günü Türkiyənin paytaxtı Ankarada törədilmiş dəhşətli partlayışda ölənlərin sayı 97-yə çatıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, həmkarlar təşkilatlarının keçirdiyi aksiyada 3 saniyə fərqlə törədilən 2 partlayış nəticəsində ölənlərdən 92-sinin şəxsiyyəti müəyyənləşdirilib. 91 nəfərin cəsədi artıq ailələrinə təhvil verilib.

Hazırda xəstəxanalarda müalicə alan yaralılardan isə 40-nın vəziyyəti ağır dəyərləndirilir.

Bildirilir ki, meyit qalıqları arasında terrorçulara məxsus olduğu güman edilən iki kişinin bədən hissələri də var.

Bu arada “Twitter”dəki iddiaları ilə Türkiyə gündəminə gələn Fuat Avni Ankara terroru ilə əlaqədar bəzi vəzifəli şəxslərin işdən çıxarılacağını bildirib. F.Avni şəhər valisinin və kəşfiyyət xidmətinin Ankara şöbəsinin rəhbərinin vəzifəsini itirəcəyini qeyd edib. O yazıb ki, hökumət əlini rahatlatmaq üçün adı çəkilən məmurları işdən azad edəcək.

Qeyd edək ki, terror hadisəsindən artıq 3 gün keçsə də, hadisənin kimlər və hansı terror qruplaşmaları tərəfindən törədildiyi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.