35
01:57
29 Sentyabr 2015

VII Üzeyir Hacıbəyli festivalı başa çatdı

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq musiqi festivalına sentyabrın 28-də yekun vurulub.

Heydər Əliyev Fondundan APA -ya verilən məlumata görə, festivalın bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında K.M.Veberin və L.V.Bethovenin əsərləri səslənib. Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin solisti rusiyalı pianoçu Andrey Şibko olub.

Festivalın son konsertində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalında da Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak ediblər. Sentyabrın 18-dən 28-dək davam edən festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış yerli və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.