29
21:30
25 Sentyabr 2015

Biləsuvarda idarə rəisi özünü iş yerində asdı - YENİLƏNİB

Biləsuvar Telekommunikasiya Qovşağının rəisi intihar edib.

Biləsuvar Rayon Polis Şöbəsindən APA -nın cənub bürosuna verilən məlumata görə, “Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin Mirilham oğlu Ağayev bu gün axşam saatlarında iş otağında özünü asaraq öldürüb.

İntiharın səbəbləri barədə hələlik hər hansı bir açıqlanma verilmir. Hadisə yerinə cəlb olunmuş rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Qeyd edək ki, İ.Ağayev cəmi iki ay öncə Telekommunikasiya Qovşağının rəisi vəzifəsinə təyin olunub.

***

Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.

İdarənin işçiləri rəis otağının qapısının uzunmüddətli bağlı olduğunu görüblər. Onlar əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar.

Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağayev İlkin Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsidir.