55
14:30
23 Sentyabr 2015

Siyavuş Novruzov: "Ağadadaş Ağayev gələcəkdə YAP-dan namizəd ola bilər"

“Bizdə namizədlər hələ çoxdur. Partiyanın idarə heyəti ölçüb-biçib, 117 dairədən namizəd irəli sürüb. Yəni artıq bütün namizədlər müəyyənləşib. İmza vərəqələrini götürüblər, doldurublar və geri qaytarıblar. Ağadadaş bəyə gəldikdə isə layiqli bir insandır, gözəl müğənnidir, xalq artistidir, partiyamızın fəal üzvüdür. Bu seçkilərdə o, namizəd deyil. Gələcəkdə onun da seçkilərdə iştirak etməsi mümkündür”.

Bu sözləri Lent.az -a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, xalq artisti Ağadadaş Ağayevin YAP-dan deputatlığa namizəd olmaqla bağlı sözlərinə münasibət bildirib. S.Novruzov deyib ki, YAP-ın namizədlərinin müəyyənləşdirilməsi səlahiyyəti idarə heyətinə məxsusdur: “İdarə heyəti müəyyənləşdirir ki, hansı dairədən kim namizəd olsun”.

Qeyd edək ki, xalq artisti Ağadadaş Ağayev "qafqazinfo"ya açıqlamasında bu sözləri demişdi: “Sənət adamları da bu dövlətin vətəndaşlarıdır. Hər hansı müğənninin deputat olmaq istəyində qəbahət yoxdur. Mən YAP-ın üzvüyəm. Hər an dövlətimizə xidmət etməyə hazıram. Sənət adamları özlərini ölkədə baş verən hadisələrdən kənarda tuta bilməzlər, siyasi proseslərə münasibət bildirməlidirlər. Bir neçə il sonra mən də siyasətə qoşulmaq istəyirəm”.