76
15:30
07 Sentyabr 2015

3 gün “Xilafət”lə üz-üzə - REPORTAJ- I YAZI

“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.

“Onlardan narahatam. Yoxsa mənə olan olub” deyə barmaqları kəsilmiş ayağını göstərir. Çəkələk geyibmiş. Ona görə kəsiblər barmaqlarını. Deyir, çörək almağa gedirdim.

- Dükandan çıxan kimi ikisi birdən yaxınlaşdı. Dedilər, bu nədi geyinmisən? “İstidi” dedim, “belə rahatdı”. Qabaqlarına qatıb apardılar. Deyəsən, komandirləri idi. Üzümə elə baxırdı ki, sanki nəsə ağır cinayət törətmişəm. Bağırdı ki, kəsin barmaqlarını. Mübahisə eləməyin də yeri yox idi. Bayıra çıxartdlıar. Əvvəlcə harasa zəng elədilər. Məlum oldu ki, cəza bir qədər təxirə salınır. Əllərim qandallı məni aparıb kömür anbarına tulladılar. Hələ beş-altı təpik də vurdular. Biri gülüb dedi ki, “gözlə indi, tamaşa olacaq”. Əlini də boğazına çəkdi. Mən qışqırdım ki, “axı, komandiriniz başqa şey dedi”. Ağlaya-ağlaya, yalvara-yalvara ayaq barmaqlarımı göstərdim. “Bunu kəsməlisiz” dedim. Başlarını yelləyib getdilər. Bilmirəm nə qədər vaxt keçdi. Amma bağırırdım, başımı divara vururdum. Niyə axı? Nədi mənim günahım. Qəfil içəri girdilər. Küçəyə çıxartdılar. Haradasa 50-60 nəfər tamaşaya yığışmışdı. Əlində sivri qılınc birisi də küçənin ortasında. Haradansa bir kötük də tapıb gətirdilər. Biri əlində kağız hökmü oxudu. Sonda, sağ ayağımın barmaqlarının kəsiləcəyini dedilər. Mən rahat nəfəs aldım. Qeyri-ixtiyari ayağımı kötüyün üstünə qoydum. Daha heç nə yadımda deyil. Gözümü açanda, bax, bu oğlumu gördüm - əliylə bayaqdan kənarda dayanmış 13-14 yaşlı uşağı göstərir - ayağımı qucaqlayıb ağlayırdı.

Bunu deyib də kövrəlir Hüseyn. Cerabluslu Hüseyn. İŞİD-in əlindən qaçıb elə Cerablusla üzbəüz Türkiyənin Karkamış kəndinə sığınmış 5 mindən çox suriyalıdan biri. Hə, Hüseynin ayaq barmaqlarını kəsiblər. Çəkələk - daha dəqiqi, “vyetnamka” geydiyinə görə. Cəzasının səbəbini isə belə izah ediblər. Çəkələyin barmaqlığı ayaq barmaqlarını bir-birindən ayırır. Elə beləcə də deyiblər: “Bu, böyük günahdır. Bu qardaşı - qardaşdan ayırmaq mənasını verir. Beş barmaq, beş qardaşdır. Qardaşları bir-birindən ayırmaq isə küfrdü. Bax, beləcə bir çəkələyin, “vyetnamka”nın qurbanı olub Hüseyn. Amma hələ buna da şükür edir…

***

…Türkiyənin cənubunda Suriyanın Cerablus qəsəbəsi ilə üzbəüz Karkamış kəndindəyik. Əhalisi 5 min nəfər ola, ya olmaya. Amma əhalisindən çox cerabluslu yaşayır bu kənddə. İŞİD Cerablusu tutduqdan sonra çoxu qaçıb Karkamışa. Karkamış İŞİD-in Türkiyə sərhədinə çıxdığı ilk sərhəd kəndlərindəndir. Bayrağını belə sərhədə asıb. Amma nədənsə sərhəd-keçid məntəqəsini yandırıb. Bunu fotodan da görmək mümkündür. Ətrafı isə minalayıb.

***

- Heç kimi qoymurlar Cerablusdan çıxmağa. Ətrafı minalayıblar. Mənim bacım oğlanları - əliylə göstərir – bax, o təpənin dalında minaya düşdülər. Tikə-tikə oldular. Bədənlərini payaya keçirdib bir neçə gün təpənin başında saxladılar ki, hamıya görk olsun. Bacım isə havalandı bu dərddən.

Bunu isə Azim deyir. Onu da əlavə edir ki, Türkiyə və ABŞ Cerablusu bombalamaqdan çəkinir. Çünki dinc sakinlər həlak olacaq. İŞİD-çilər xüsusi sığınacaqlarda olurlar. Camaat isə evlərdə. Bomba yağdırsalar, insanlar qırılacaq. İŞİD də bunu bildiyindən insanları girov saxlayıb, ətrafı isə minalayıb ki, heç kim qəsəbədən çıxa bilməsin. Bir dəfə isə xəbər yayılıb ki, “xəlifə” Cerablusdadı. On gün heç kimi bayıra çıxmağa qoymayıblar.

***

Azimin söhbətinə qoşulan Abdullah isə deyir ki, düzdür, xəlifə əsasən Rakkada oturur. Amma eyni yerdə iki dəfə gecələmir. Hər gecə yerini dəyişir. Onun sifətini heç kim görməyib. Nə meydanlarda olub, nə də televiziyaya çıxır. İndiyədək bircə fotosu yayılıb, o da deyilənə görə, xəlifənin özü deyil.

Abdullah onu da deyir ki, bu səbəbdən də onun öldüyünü, ya da sağ qaldığını təsdiqləmək çətindir. Ən maraqlısı odur ki, o, ən yaxın silahdaşları ilə görüşəndə belə üzünə maska taxır. Elə bu məqamlara görə də ona “görünməz şeyx” ləqəbi veriblər.

***

Biz “görünməz şeyx”ə, İŞİD-in lideri Əbu Bəkr əl Bağdadiyə, Bağdaddakı məscid imamından başlamış həyat yoluna qayıdacağıq. Hələliksə, Azrayla Karkamışdan Cerablusu seyr edirik. 50 metrliyimizdə İŞİD-in bayrağı dalğalanır. Elə o həndəvərdəcə var-gəl edən bir-iki döyüşçüdən başqa kimsə gözə dəymir.

Qəsəbədə isə sanki həyat ölüb. Küçələrdə heç kim gözə dəymir. Azra deyir ki, namazdan namaza camaatı evlərindən çıxarıb məscidlərə qovurlar. Namaz bitdimi, hamı öz evinə qayıtmalıdır. Küçəyə ancaq zəruri ərzaq üçün çıxa bilərsən. Əks halda, küçəyə çıxdığına görə izahat verməlisən.

“Bəs təkcə Cerablusdamı belədir?”

Keçmiş mühəndis Azra deyir ki, İŞİD-in tətbiq etdiyi qanun və qaydalar onun nəzarət etdiyi bütün ərazilərdə eynidir. Amma Cerablusda başqa istisnalar var.

- Əvvəla, bura Türkiyə ilə sərhəddir. Necə deyərlər, İŞİD üçün strateji bir yerdir. İkincisi, qəsəbə sakinlərinin əksəriyyəti burada, Türkiyədədir. İŞİD o tay - bu tayda olan cerablusluların bir-biriylə təmasından narahatdır. Düzdür, minalayıblar, amma girov saxladıqları insanların nəsə bir yol tapıb Türkiyəyə keçməsini istəmirlər. Amma özləri girovluqdan azad olunmaq üçün rüsum tətbiq ediblər. Məsələn, adambaşı 8 min dollar verib girovluqdan azad edilə bilərsən. Amma buna da inanmaq olmur. Çünki bir həftə əvvəl bizim bir qohum borc-xərc səkkiz min tapıb anasını bura gətirmək istəyirdi. Hətta telefon əlaqəsi yaradıb gizli yolla pulu da çatdırmışdılar. Amma sonradan, nədənsə qadını buraxmamışdılar. Pul da batdı. Ona görə də heç kim risk eləmir.

Azra danışır ki, İŞİD-dən qabaq Cerablus çox modern bir qəsəbə imiş. Sərhəd qəsəbəsi olduğundan, əsasən ticarətlə məşğul olurlarmış. Ölkədə vətəndaş müharibəsi başlayanda isə nə Azad Suriya Ordusuna qoşulublar, nə də hansısa qruplaşmaya. Öz həyatlarını yaşayıblar. Amma İŞİD bu qəsəbəni tutandan sonra qara günləri başlayıb.

- Haradan gəldilər, necə tutdular bu qəsəbəni, hələ də qaranlıq yuxu kimi gəlir bizlərə. Qəsəbəni tutan günün səhəri camaatı meydana yığdılar. Cavanları ayırıb apardılar. Onlara qəsəbənin ətrafında xəndək qazdırdılar. Türkiyə sərhədi boyunca hər tərəf dövrələmə xəndəkdi. İçərisini də suyla doldurublar. Xəndəyin ətrafı da minalanıb. Gələn kimi öz qaydalarını, qanunlarını elan elədilər. Onsuz da namaz qılan, dindar camaatıq. Amma saqqız çeynəməyə görə də adam asarlar? Bu, dəhşət idi. Qonşumuz Mahmudun oğlunu buna görə asdılar. Cibindən də siqaret çıxmışdı. Əvvəlcə 70 şallaq vurdular. Sonra biri gəlib dedi ki, cibindən saqqız da tapılıb. “Şeytan əməlidir” dedilər, yazıq uşağı günün günorta çağı asdılar. Məktəbləri bağlayıblar. Ancaq Quran dərsləri keçirlər. Allah göstərməsin, kiminsə mobil telefonunda musiqi parçası, ya hansısa video tutalar, əlini kəsərlər. İkinci dəfə tutsalar başını.

“Elə hər şeyə görə asırlar?” Azra məni göstərib deyir ki, bax, bu vəziyyətdə Cerablusda İŞİD-in əlinə keçsən, səni azı 3 dəfə asa bilərlər. Ya da başqa bir edam cəzası alarsan.

Axı niyə?

Azra deyir ki, əvvəla cins şalvardayam. İkincisi, qısaqol köynəkdə və yaxam açıqdır. Üçüncüsü isə siqaret. Və bunları deyib gülür də...

***

Deyir burda çox qalmayaq, nişangahdayıq. Geri Karkamışa qayıdırıq. Burada isə bizi bacı-qardaş, Afif və Afifa gözləyir. Onların danışdıqlarına, hekayətlərinə qulaq asmaq isə, sadəcə dəmir əsəb istəyir...

Bizimlə qalın!!!

(Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az -ın birgə “İŞİD həqiqətləri: reallıqlar, miflər” layihəsi çərçivəsində, Komitənin dəstəyi ilə hazırlanıb)