85
12:40
03 Sentyabr 2015

Süpürgəçi Fatma: “Bizim də yazılmamış qanunlarımız var” - YOL YOLDAŞI

Fatma nənə süpürgəçidir. 60 yaşı var. Beş ildir ki, küçə süpürür. Biz hər sabah işə gedəndə küçələri təmiz görək deyə, o sübh altıdan evdən çıxır. Əgər saat yeddidə yolunuz Nobel prospektindən düşsə, Fatma nənəni yolu süpürən görəcəksiniz.

Yaşının ahıl vaxtında onu küçə süpürməyinə vadar edən isə imkansızlıqdır. İki övladı var. Hər ikisi də işləyirlər. Lakin həyat şərtləri elədir ki, yaşlı qadın da işləməyə məcbur edir.

Özü boyda süpürgəsini arxasınca sürütləyə-sürütləyə yanaşı addımlayırıq. Yüksək sürətlə yanımızdan şütüyən maşınları göstərib:

- Sürücülər imkan vermir. Maşından zibil atırlar. Odur eee.

Elə bu vaxt yanımızdan ötən maşından yerə əzilmiş siqaret qutusu atılır.

- Özü də polis idi.

Əyilib bir az öncə yerə atılmış qutunu götürür:

- Hamısı belədi. Əlinə nə keçir aynadan yerə atırlar. Söz də deyəndə, adama nalayiq-nalayiq sözlər deyirlər. Zibilləməkləri cəhənnəm, pis sürürlər. Az qalırlar, adamın üstündən keçələr. Heç olmazsa, yolun qırağındakı o sarı xətti bir gendən çəkərdilər. Süpürməyə imkan vermirlər. Bir də görürsən, qəfil elə tormoz verirlər ki, adamın ürəyinə ayağının altına düşür. Elə bilirəm, kiməsə dəydi. O hadisədən sonra adamın gözü qorxub...

- Hansı hadisə?

- İki il olar. Qızlardan ikisini yol süpürdüyü yerdə maşın elə vurdu ki...

- Öldülər?

- Biri öldü, o biri isə ağır yaralandı. Adı yadımdan çıxıb e. Futbolçuydu, deyəsən.

Fotoqrafımız Ramil müdaxilə edir.

- Araz? “Neftçi”nin futbolçusu.

- Həə, o! Gözümüzün qabağında vurdu.

Bu vaxt bayaqdan bəri bizi kənardan sakitcə dinləyən Şövkət Qarayeva dillənir.

- Yaman qorxmuşduq. Neçə gün özümüzə gələ bilmədik. Maşın səsi gələn kimi diksinirdik. Hələ marşrutlar?! İraqda da olmuşam, İranda da. Orda bir dənə də olsun qadın süpürgəçi yoxdu. Hamısı kişidir. Bir dəfə türkiyəli bir kişinin maşını xarab olub, yolda qalmışdı. Dedi, ay xanım, bizdə bayanlar makina arxasındadı. Yolu kişilər süpürür. Bizdə də belə olsaydı, yaxşı olardı.

“O aşağıdakı “svetofor” var ha”, deyib, “NZS” tərəfi göstərir.

- Maşınlar səkiylə gedirlər. Bizə də deyirlər, ay xala, yoldan çıx! Deyirəm, ay bala, hara çıxım? Divara? Bu vaxt maşın az olur. Səkkizdən sonra burda maşın əlindən tərpənmək olmayacaq. Heç olmazsa, bizim üçün təhlükəsizlik tədbirləri görüləydi. Yolun kənarına nəsə qoyardılar ki, yeri süpürəndə maşınlar üstümüzə sürməyə.

- Sürücülərin hamısı belədi?

- Qadınlar kişilərdən də çox ehtiyatsız sürür. Amma görəndə maşını saxlayıb, üzr istəyirlər.

Ş. Qarayeva Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin V briqadasının ustasıdır. İşi briqadanın süpürgəçilərinə nəzarət etməkdir. Hər gün o da işçilərlə birgə əraziyə çıxır və təmizlik işinə nəzarət edir. Hər briqadada təqribən 28-30 işçi olur. Elə Fatma nənə də həmin briqadanın üzvüdür. Hər birinə gündəlik 870 metrlik yolu süpürmək düşür. Saat 7-dən 11-dək. 11:00-dan 12:30-dək istirahət və günorta yeməyi vaxtıdır. İşçilərin yemək yeməsi və oturub dincini alması üçün əraziyə yaxın yerdə balaca bir otaq ayrılıb.

Söhbətin bu vaxtında gəlib çatırıq həmin ünvana. İstirahət etdikləri yer bir-birinə keçidi olan iki otaqdan və ayaqyolundan ibarətdir. Ayaqyolunun krantı sındığından içəridən su sızır. İçəri qaranlıq olduğundan qapını açıq qoyuruq.

Qazın üstündə çaydan qaynayır. Yanındakı qazanda isə iki kartof, bir yumurta. Günorta yeməkləridir.

- Yeməyi evdən gətirirsiniz?

- Hə. Allah verəndən.

- Maaşınız nə qədərdir?

- 250 manat.

- Qane edir?

- Eləyir ki, işləyirəm. Ali təhsilim yoxdu. On bir il Nunuşbala kimi məktəbə getmişəm. Oxutmadılar. Atam qoymadı. Əlimin sənəti yoxdu. Bəs neynəməliyəm? Küçə süpürməliyəm də. Nəvələrimə də deyirəm, oxumasalar ya mənim kimi süpürgəçi olacaqlar, ya da daş daşıyacaqlar. Buna da şükür. İşləyirəm, a bala. Övladlarım evlidir. Dolana bilmirik.

Ş. Qarayeva vacib məqama toxunur. Ehtiyac ucbatından rayonlarımızdan Bakıya gəlib, burada küçə süpürərək çörək pulu qazanan süpürgəçilərin ev probleminə. Deyir, min bir əziyyətlə qazandıqlarını da aparıb verirlər kirayəyə. Evlər də od qiymətinə.

Fatma nənə fotoqrafın əlindəki aparatı masanın üstünə qoyduğunu görüb, bayaqdan bəri şəkillərdə sifəti düşməsin deyə üzünə basdığı yaylığını geri çəkib, alnının tərini silir.

Sən demə, süpürgəçilərin də öz aralarında yazılmamış qanunları var. Məsələn, heç bir süpürgəçi başqasının ərazisinə balaca kağız parçası da atmaz. Bu barədə danışır Fatma nənə:

- Bir süpürgəçi başqa süpürgəçinin ərazisindən keçəndə, yerdə zibil görsə, mütləq əyilib götürür. Və heç vaxt da yerə zibil atmaz. Əlimiz gəlməz. Çünki o əziyyəti özüm görmüşəm axı. Evdə nəvələrimə də deyirəm, tapşırıram ki, yerə heç nə atmasınlar.

Məsuliyyətsiz vətəndaşların küçəyə atdıqları tullantıları təmizləmək üçün onlar iki növbə işləyirlər. Birinci növbə səhər 7:00-dan 15:30-dək, ikinci növbə isə 15:30-dan axşam 7-dək.

Fatma nənəninsə, “smen”inin bitməsinə saatlar qalıb. Hələ o, sizin son tüstüsünə qədər ciyərinizə çəkib maşının pəncərəsindən ərklə yola atdığınız siqaret kötüklərini, qutularını, dayanacaqda çırtlayıb yerə tüpürdüyünüz günəbaxan tumlarını süpürməli, maşınların təkəri altında əzilmiş su qablarını toplamalıdır...Odur ki, çalışın zibilləməyin!