56
15:54
27 Avqust 2015

Axtarışda olan məktəb direktoru barədə RƏSMİ AÇIQLAMA

Bakıda barəsində cinayət işi başladılan məktəb direktoru Vahid Şahmar oğlu Dəmirov bu ilin mart ayından işə çıxmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az -ın sorğusuna verilən cavaba görə, Bakı şəhəri, Orucov küçəsi 21 ünvanında yerləşən 55 nömrəli məktəbin direktoru Vahid Dəmirov işə çıxmaması ilə bağlı BŞTİ-yə müxtəlif vaxtlarda əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqələri təqdim edib.

Hazırda V. Dəmirovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər-Pirallahı Metodik bölməsinin müdiri Məmmədov Alı Xıdır oğlu əvəz edir.

Qeyd edək ki, Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.