22
16:48
25 Avqust 2015

Kəmaləddin Heydərov Türkiyə səfirini qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunu qəbul edib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə nazir Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyətini başa vurmuş keçmiş hərbi attaşesi, general-leytenant Hasan Nevzat Taşdelerin iki qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfəni xüsusi olaraq vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İsmayıl Alper Coşkun Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki yeni hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.

Fövqəladə hallar naziri bildirib ki, qardaş Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da gücləndirilməsi üçün geniş perspektivlər mövcuddur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.