24
17:50
22 Avqust 2015

Ağcabədidə şəhid hərbçinin medalı ailəsinə təqdim olunub

2015-ci il martın 11-də cəbhədə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Atayev Anar Mamed oğlunun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı onun ailəsinə təqdim olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhidin medalı Müdafiə Nazirliyi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Ağcabədi Mərkəzi Mədəniyyət Evində həyata keçirilən tədbirdə A. Atayevin doğmalarına verilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə bütün xalqımız kimi ağcabədililər də fəal iştirak ediblər. O qeyd edib ki, respublikanın ərazi bütövlüyü uğrunda mübarizədə Ağcabədi rayonundan 187 nəfər şəhid olub, 3 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.