92
12:15
21 Avqust 2015

Ziyafət Əsgərov: “Parlament seçkilərində Azərbaycan nümunə göstərməlidir”

“Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir”.


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədəMilli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir: “Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”.

Ədliyyə nazirinin müavini Azər Cəfərov seçki qanunvericiliyindən, seçki dövründə seçki komissiyaları tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməli olan sənədlərdən, toplanan imzaların ekspertizasından danışıb. O, istintaq təcridxanalarında, həbsxanalarda cəza çəkən şəxslərin seçki hüququ məsələsinə də toxunub: “1995-ci ildən penitensiar müəssisələrdə seçkinin təşkili üçün dairə və məntəqə seçki komissiyaları ilə sıx əməkdaşlıq edilir. Seçki günü növbədə olan penitensiar xidmət əməkdaşları da orada səs verə bilərlər. Bundan öncəki parlament seçkilərində penitensiar müəssisələrdə səsvermə hüququ olanların 99 faizi səs verib, seçkilər yüksək səviyyədə keçirilib”.

A. Cəfərov nəzərə çatdırıb ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi 10, ondan sonra keçirilən seçkilərlə bağlı isə 1 qərar qəbul edib.