75
11:37
21 Avqust 2015

"Demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var" - MSK sədri

“Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var. Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov söyləyib.

M. Pənahov seçkilərin keçirilməsi üçün ikini şərtin seçki qanunvericiliyi olduğunu və Seçki Məcəlləsinin qəbul edildiyini bildirib: “Azərbaycan seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaradılır. Eyni zamanda seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb, internet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.

M. Pənahov qeyd edib ki, seçki hüquqlarının qorunması ilə bağlı məsələlər də Seçki Məcəlləsində əksini tapıb: “Azərbaycan vətəndaşının ən yüksək məhkəmə instansiyasına müraciət edərək hüququnu təmin etməsi də qanunvericilikdə əksini tapıb”.

MSK sədri dairə seçki komissiyalarının sədrlərini bundan sonra da fəaliyyətlərində məsuliyyətli olmağa çağırıb.