140
17:55
20 Avqust 2015

Kardioloq Rafiq Yusifli: “Yayda içdiyiniz suya duz qatın”

“Dənizdən çıxarkən dəridə qalan hər damla su günəş şüaları üçün linzadır, bu dəridə ağır yanıqlar yaradır. Günəşin başa təsiri beyin ödeminə və qəfil ölümə səbəb ola bilər. Hətta kölgədə və isti otaqda da istivurma ola bilər”.

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli deyib.

İsti və soyuğun insanın maddələr mübadiləsinə ciddi təsir etdiyini deyən kardioloq yaşlılarda və uşaqlarda temperatur dəyişikliyinə uyğunlaşmanın ləng getdiyini bildirib: “Xüsusilə ağciyər və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə isti havada ürək döyünməsinin artması, arterial təzyiqin yüksəlməsi müşahidə olunur. Bədənin temperaturu tər vasitəsilə xaric olunur. Lakin istidə tər ifrazatı həddindən çox olduğunda bədəndəki duzlar da artıq ifraz olunur və su-duz mübadiləsi pozulur. Natrium və kalium duzlarının həddən artıq xaric olunması ürək ritminə də təsir edir. Bu isə ciddi ağırlaşmalara və hətta qəfləti ölümlərə də səbəb ola bilər” .

Rafiq Yusifli bu il istivurma və günvurma şikayəti ilə təcili yardıma müraciətlərin də artdığını deyib: “İstivurma halları hətta kölgədə, həddindən artıq isti otaq şəraitində, ventilyasiya sistemi normal olmayan metroda, avtomobildə də baş verə bilər. Günvurma isə günün birbaşa təsiri nəticəsində baş verir. Bu daha çox açıq havada uzun müddət günəşin təsirinə məruz qalan, xüsusilə də geyimi havaya uyğun olmayan, başıaçıq tikintidə, tarlada işləyənlər üçün təhlükəlidir. Həm günvurmanın, həm də istivurmanın əlamətləri susuzluq hissi, ürəkdöyünmə, başgicəllənmə, hətta huşun itməsi ola bilər. Ən təhlükəlisi isə, günəş şüalarının başa təsiri ilə beyin damarları genişlənərək beyin ödeminin baş verməsidir. Bu zaman ürəkbulanma və qusma ilə yanaşı koma da müşahidə olunur”.

Qonaq istivurma zamanı yardım qaydalarını da izah edib: “İstivurma zamanı həmin adamı bir qədər sərin yerə çıxarmaq, buzlu su ilə dolu qabları onun qoltuq altına və büküşlərinə qoymaq, bədəninə sərin su vurmaq, əgər mümkündürsə, ona bol sərin su içirmək, sıxan paltarı açmaq, əl-ayağını soyuq suya salmaq lazımdır”.

Həkim istiyə geyimin də təsir etdiyini təsdiqləyib: “Yayda açıq rəngli, geniş biçimli və təbii materialdan – pambıq və kətandan paltar geymək lazımdır. Süni və sintetik parçalar bədənin istiliyinin xaric olunmasına imkan vermir. Ən əsası isə, həm uşaqlar, həm böyüklər hökmən baş örtüklərindən istifadə etməlidirlər”.

Qonaq yayda maye qəbulunun vacibliyini xüsusi vurğulayıb: “Ümumiyyətlə, mövsümdən asılı olmayaraq, gün ərzində ən azı 1-1,5 litr saf su içmək lazımdır. Qazlı sulardan istifadə etmək olmaz, bu sular həm mədə-bağırsaq, həm də ürək-damar sisteminə ciddi təsir edir. Ürək-damar xəstəliyi olanlar xüsusilə mineral suların istifadəsini məhdudlaşdırmalıdırlar, çünki bu sular ürəkdə dövr edən qanın miqdarının artmasına, təngnəfəsliyə, ayarlarda şişkinliyə səbəb ola bilər. Yaxşı olardı ki, insanlar yayda içdikləri suya az miqdarda duz qatsınlar. Tərlə birlikdə natrium və kalium duzları da xaric olunur, ona görə də adi su içərkən həm susuzluq keçmir, həm də bir müddət sonra bədəndə halsızlıq yaranır. Az miqdarda duz qatılmış ayran içmək də faydalıdır”.

Rafiq Yusifli uşaqların günəşdən qorunmasının xüsusilə vacib olduğunu deyib: “İstiyə ən dözümsüz olanlar uşaqlardır. Uşaqlarda ətraf iqlimə uyğunlaşma mexanizmi yaxşı inkişaf etmir. Bəzən analar soyuqdəymədən ehtiyat edərək uşaqları qalın geyindirir, bələyirlər. Uşaqların dərisi həssas olur, 1-2 yaşına qədər kəllə sümükləri birləşmir və buna görə də gün şüaları birbaşa beyinə təsir edir”.

Kardioloq çoxlarının kondisionerdən düzgün istifadə etmədiyini bildirib: “Çöldəki temperaturla kondisionerli otaqdakı temperatur arasında fərq çox olmamalıdır. Xüsusilə də yataq otağında temperatur 20-23 dərəcədən aşağı olmamalıdır. Eyni zamanda kondisionerlərin filtrlərinin vaxtaşırı təmizlənməsi lazımdır. Əks halda, oradakı maye və istilik mühiti müxtəlif bakteriyaların, allergiyaya səbəb olan amillərin yaranmasına səbəb olur. Buna görə də yayda infeksiyalar, soyuqdəymə, adenovirus infeksiyaları heç də qışdakından az yayılmır. Maşında daim aşağı temperaturda kondisionerdə istifadə edənlər arasında ürək nahiyəsində ağrı şikayəti ilə bizə müraciət edən çox olur. Bunun səbəbi isə ürək əzələsi və ürəyi örtən perikardda soyuğun təsiri ilə iltihabi xəstəliklərin yaranmasıdır. Bütün günü fasiləsiz olaraq kondisionerin altında olmaq da insanlarda narahatlığa səbəb olur”.

Əhalinin dənizə gedərkən günəşdən necə qorunmalı olması ilə bağlı məsləhətlərini verən mütəxəssis ultrabənövşəyi şüaların suyun 1 metr dərinliyinə qədər təsir etdiyini deyib: “Səhər tezdən axşama qədərə dənizdə olmaq, gündüz saatlarında suya girmək təhlükəlidir. Dənizdən çıxdıqdan sonra yaxşı qurulanmaq lazımdır. Dəridə qalan hər damcı linza kimi təsir edir və toxumalarda ciddi yanmalara səbəb olur”.

Həkim-kardioloq həm də günəş şüalarının insan üçün faydalı olmasından danışıb və düzgün günəş vannası qəbul etmək qaydaları barədə məsləhətlər verib: “Elə ölkələr var ki, ilin 10-11 ayını günəş görmür. Günəş şüaları olmasa, orqanizmdə D vitamini sintez olunmur. Bu isə uşaqlarda raxitliyə, sümüklərdə kalsium çatışmazlığına səbəb olur. Günəş şüalarının orqanizm üçün ən faydalı olduğu dövr günün birinci yarısı, səhər tezdən saat 10-11 qədər və axşam saat 18-19-dan sonrakı müddətdir”.

Rafiq Yusifli günəş kremləri bağlı da mübahisəli fikirlərə münasibət bildirib: “Hal-hazırda satışda orqanizmə ziyanlı olan kifayət qədər saxta məhsul var. Günəş kremlərinin insan orqanizmi üçün faydalı olması alimlərin uzunmüddətli araşdırmaları ilə sübuta yetirilib. Müşahidələr göstərir ki, günəşdə çox qaralan adamlarda dəri xərçənginə, müxtəlif allergik xəstəliklərə çox rast gəlinir. Günəş kremi alarkən keyfiyyətli və tanınmış markalara üstünlük vermək lazımdır. Təəssüf ki, Bakıda satılan kremlərin cəmi 5-10 faizinin sertifikatı ola bilər”.