28
01:20
20 Avqust 2015

Yunanıstana səhər 13 mlrd avro köçürüləcək

Yunanıstan avqustun 20-si səhər saatlarında Avropa Sabitlik Mexanizmindən (ESM) 13 mlrd avro məbləğində ilk kredit tranşı əldə edəcək. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu Yunanıstana Avropa Mərkəzi Bankının krediti üzrə tələb olunan məbləği ödəmək imkanı verəcək.

“ESM Direktorlar Şurası Yunanıstana birinci tranş üzrə qərar qəbul edib. Köçürülmə sabah (avqustun 20-də-red.) səhər saatlarında baş tutacaq. Söhbət, ümumilikdə, 26 mlrd avrodan gedir – bu məbləğdən 13 mlrd avro dərhal Yunanıstana köçürüləcək, daha 3 mlrd avro noyabrın sonunadək köçürüləcək. On milyard avroyadək vəsait isə ayrı hesaba köçürüləcək və ölkə banklarının rekapitallaşdırılması üçün istifadə edilə bilər”, deyə mənbə bildirib.

Bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Yunanıstan üçün maliyyə yardımının üçüncü paketi üzrə anlaşma memorandumunu imzalayıb.

Qeyd edək ki, daha əvvəl Avrozonaya daxil olan bütün ölkələrin parlamentləri Yunanıstana 86 mlrd avro məbləğində maliyyə yardımının ayrılmasını dəstəkləyib.