34
19:00
12 Avqust 2015

Prezident Yay Olimpiya Oyunları ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncam 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədi ilə imzalanıb.

Sərəncamla Nazirlər Kabinetinin qarşısında tapşırıq qoyulub ki, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin.