97
02:34
28 İyun 2015

Sarkisyan: “Kompensasiyalar təhlükəsizliyin möhkəmləndirilməsi üçün nəzərdə tutulan vəsaitlər hesabına veriləcək”

Ermənistan prezidenti Serj Sarkisyanın hökumətin “Ermənistan elektrik şəbəkələri” QSC-də audit yekunlaşanadək elektrik enerjisinin bahalaşması ilə bağlı xərclərin öz üzərinə götürməsi vədinə baxmayaraq, İrəvanın Baqramyan prospektində aksiya keçirən etirazçılar dağılışmaq niyyətində deyillər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hökumətin hazırkı proqramlarda yaxud sosial xərclərdə dəyişiklik etmək niyyəti yoxdur, bu səbəbdən də kompensasiya üçün vəsaitlər təhlükəsizliyin möhkəmləndirilməsi üçün nəzərdə tutulan vəsaitlər hesabına veriləcək. Sarkisyan bununla belə bahalaşmanın əsaslandırılmış olduğunu qeyd edib. Qeyd edək ki, Sarkisyan audit təşkilatı ilə birgə elektrik enerjisi tariflərinin qaldırılması qərarının əsaslı olub-olmamasını yoxlayacaq dünya enerji sahəsində böyük təcrübəyə malik mötəbər beynəlxalq konsaltinq şirkətinin seçilməsini təklif edib.

“Soyğunçuluğa son” Əlaqələndirici Qrupunun üzvü Vaqinak Şuşanyan aksiyanın bahalaşma qərarı tam ləğv olunanadək davam edəcəyini bildirib: “Çünki hökumət problemi xalqa məxsus olan büdcənin hesabına həll etməyə çalışır”.

Qeyd edək ki ötən gün Sarkisyan iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Rusiyanın nəqliyyat naziri Maksim Sokolov ilə keçirilən görüşdə “Ermənistan elektrik şəbəkələri”nin fəaliyyətinin müstəqil auditinə dair razılığa gəlib.

Qeyd edək ki, “Ermənistan Elektrik Şəbəkələri” QSC 2006-cı ildən bütövlükdə Rusiyanın “İNTER RAO Vahid Elektrik Şəbəkələri” konserninə məxsusdur.