53
15:18
27 İyun 2015

Oqtay Əsədov Lixtenşteyn parlamentinin sədri ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Lixtenşteyn parlamentinin sədri Albert Frik ilə görüşüb.

Milli Məclisdən Lent.az -a verilən məlumata görə, spiker bu səfərin iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafına yeni impuls verəcəyinə ümid etdiyini deyib: “Biz qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşməsinə, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə böyük önəm veririk. Belə hesab edirik ki, siyasi əlaqələrimizin dərinləşməsi iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərəcəkdir. Lixtenşteyndə kiçik şirkətlərin fəaliyyəti üçün yaradılmış şərait Azərbaycan üçün də maraqlıdır”.

O. Əsədov vurğulayıb ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qısa zaman kəsiyində yüksək standartlara cavab verən müasir idman qurğuları yaratmağa nail olub, bu infrastruktur gələcəkdə də mötəbər idman yarışlarının keçirilməsinə yaxşı əsaslar yaradır. Spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində qonaq Bakıdakı müasir idman qurğuları ilə tanış olmağa imkan tapacaq, I Avropa Oyunlarının bağlanış mərasimində iştirak edəcək.


Albert Frik isə I Avropa Oyunlarının keçirildiyi günlərdə Bakıya səfər etməsini buradakı müasir idman tikililəri ilə tanış olmaq üçün bir fürsət kimi dəyərləndirib. O, ölkəsini təmsil edən idmançıların Bakıda onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını qeyd edərək, bir sıra yarışları və Oyunların bağlanış mərasimini izləmək fikrində olduğunu vurğulayıb.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.