204
writer1

Cavi Dan

Məqalə sayı

16
17:29 16 İyun 2015

Çökmüş nəsillərin qisası

 

 

Anam namaz qılır.

Namazı mənim qızımdan öyrənib.

Vaxt vardı, atam sağ idi və anam ateist bir kommunist arvadıydı.

Həmin vaxtlarda mən məktəbliydim və hər zaman namaz qıldığını gördüyüm nənəmlə böyüyürdüm.

Rəfiqələrim taa on altı yaşıma kimi nənəmin yaşıdları olmuşdu.

Nənəm dünyasını dəyişdiyi zaman mənim də dünyam dəyişmişdi, atamın da.

Mən birdən-birə atamın-anamın yaşadığı evə köçməyə məcbur olmuşdum, atam isə SSRİ boyda bir imperiyanın çökməsindən aldığı şokun altında qalmışdı.

 

Sonra müharibə başlamışdı ölkəmizdə.

Biz - müharibəni ancaq film və kitablardan tanıyan nəsil birdən-birə beynəlmiləl sovet məktəblisindən müstəqil Azərbaycan gənclərinə çevrilmişdik, dünənə qədər vətən övladı kimi yanaşdığımız ermənilərlə düşmən olmağa məcbur olmuşduq.

 

Mən ilk sevgi məktubunu qonşu qəsəbədə yaşayan atası rus, anası erməni olan oğlandan almışdım, Azərbaycan dilində sevgi şeirləri idi, vərəq “Krasnaya Moskva” qoxuyurdu.

Həmin məktubu aldığım vaxtlarda hələ ölkələrimiz bir-birinə düşmən deyildi və biz hamımız sovet vətəndaşlarıydıq.

Sonradan həmin oğlan Azərbaycan ordusunda xidmət etdi, indi də ordan-burdan eşitdiyimə görə, elə öz azərbaycanlılarımızla birlikdə Rusiya şəhərlərindən birində yaşayır, işləyir, valideynlərinə pul göndərir.

 

Bilmirəm indi niyə bunları xatırlayıram?!

Sadəcə bir şeyi yazacaqdım.

Yazacaqdım, məncə, sovet ölkəsi məhz ona görə sarsıldı ki, onun azyaşlı uşaqları ona qədər azyaşlı uşaqlar olan nənələrin, babaların yanında böyüyürdülər.

Yazacaqdım ki, atamın mənə qardaş xalq kimi tanıtdığı ermənilər barəsində nənəmdən düşmən təqdimatı kimi söhbətlər eşitmişdim.

Yazacaqdım ki, mənim dünyaya gətirdiyim qız mənim anamın dünyaya gətirdiyi qızdan daha güclü böyüyür bəlkə də.

Öz nənəsinə nələrisə öyrədəcək dərəcədə.

 

Ailə kultu haqqında danışanda, düşünəndə adətən gözlərimizin önündə nənəli-babalı, atalı-analı və uşaqlı (mütləq bir qız və bir oğlan) rəngli kitab illüstrasiyaları canlanır. Biz bu illüstrasiyalara məktəbliykən, hərfləri, rəqəmləri ilk öyrəndiyimiz illərdə əlimizdə olan kitablarda öyrəşdirmişik gözlərimizi. Və əlbəttə ki, ötən əsrin ortalarından sonra çəkilmiş əksər kinofilmlərdəki ailə görüntülərindən hopub yaddaşımıza bunlar.

 

Biz deyərkən, hazırda övladları məktəbli olan valideynləri nəzərdə tuturam, uşaqlıq, yeniyetməlik  illəri ötən əsrin sonlarına düşənləri.

 

Uşaqlıq, yeniyetməlik illəri ötən əsrin əvvəllərinə düşmüş nənə və babaların əlindən-ətəyindən yapışaraq böyüyən nəsil kimi, biz istəsək də, istəməsək də ötən əsrin əvvəlindəki nizama-düzənə qaytardıq cəmiyyətimizi. Hamı görməyə bilər, amma hamı yaşayır, məncə.

Və ötən əsrin ortalarının ateist, kommunist, zəhmətkeş, qərbə hamını yeyən ziyanverici, şərqə isə özünü yeyən cəhalət bataqlığı kimi yanaşan nəslini “uf” demədən çökdürdük.

Atalarımızı, analarımızı, onların həmdövrləri olan hamını.

Valideynlərinə olan sayğı, övladlarına olan sevgi çökdürdü onların sol və qırmızı dünyasını da, ölkəsini də.

Valideynlərinə də, övladlarına da inama görəydimi bu?

Yox, məncə.

Əksinə, önəm verməmək idi.

Necə ki, biz də indi önəm vermirik övladlarımıza “nənəlik-babalıq” edən televiziya verilişlərinə, internet sərbəstliyinə, orta məktəblərimizdə dəyəri sıfır kimi görünən musiqi, rəsm, əmək, ən əsası isə hərbi hazırlıq dərslərinin əslində çox qiymətli və gərəkli olmasına rəğmən, tədris edilməməsinə, dini meyxanalara, meyxanalı efirlərə, efirdən evlərimizə doluşan mahiyyətsiz proqram yayınlarına…

Bizim övladlarımızın nənələri və babaları kimlərdir?

Dünyaları, həyat, vicdan, insanlıq, vətən məvhumları, bütün ideya və idealları gözlərinin qarşısında pərən-pərən olmuş keçmiş solçulardanmı bəhs edirik?

Başını seriallarla, xeyir-şər məclislərinə könülsüz getməklə və deyingənliklə qataraq, ömrünün sonuna gözlərini intihara gedirmiş kimi yumub yuvarlanan atalarımızdan və analarımızdanmı danışırıq?

 

Hələ də kiril qrafikası ilə yazıb-oxuyan, hələ də kapitalizmə lənət oxuyan, on üçüncü maaş, məhsul bayramı, Yesentukiyə, Soçiyə, Artekə havayı putyovkalar barədə əfsanələr danışan, “Nu poqodi” multfilmini belə görəndə uşaq kimi ağlamsınan, küsən…

Çökmüş nəsildi onlar, çökdürəcəklər bir nəsil sonrakı dövrü, qisaslarını alacaqlar, əmin olun. İstəmədən, anlamadan, sevə-sevə edəcəklər…