78
12:33
07 İyun 2015

Azərbaycanın radio idmançıları Avropa oyunlarının təbliğinə qoşulub

Azərbaycanın radio idmançıları xüsusi çağırış siqnalları ilə 1-ci Avropa Oyunlarını dünya efirində təbliğ edirlər. Azərbaycan Radio İdmanı Federasiyasının üzvü Fərhad Baloğlanov (4K3M) Lent.az -a bildirib ki, radio idmançılar 1-ci Avropa Oyunlarının təbliğinə dəstək vermək üçün xüsusi çağırış siqnalları ilə efirdə işləyərək dünya ölkələrinin radio idmançıları ilə rabitə qurmağa başlayıblar. Hər bir şəxsi həvəskar radiostansiya üçün üzərində 1-ci Avropa Oyunlarının rəmzləri və xüsusi çağırış siqnallarının adları (misal üçün- 4K1EUG) qeyd olunmaqla çox sayda açıqca (rabitəni təsdiq edən sənəd) çap olunub və oyunlar qurtardıqdan sonra rabitə qurulan radio idmançılara göndəriləcək.

Bildirilir ki, Dövlət Radio Tezliklər İdarəsi Azərbaycan Radio İdmanı Federasiyasının (RİF) təqdimatı ilə radio idmançıların mövcud çağırış siqnalları əvəzinə 1-ci Avropa oyunlarına həsr olunmuş xüsusi çağırış siqnalları ilə efirdə işləməyə icazə (lisenziya) verib.

Qeyd edək ki, ölkəmizin xüsusi çağırış siqnalı olan həvəskar radiostansiyalarla mütəmadi rabitə quracaq xarici ölkə radio idmançılarına xüsusi diplom veriləcək. Diplom "ODLAR YURDU" adlanır və 1-ci Avropa oyunlarına həsr olunub.

Onu da qeyd edək ki, radio idmançılarımız iyun ayının birindən efirdə işləyirlər və fəaliyyətləri oyunların sonunadək davam edəcək.